“Arar-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirir.
Futbolinfo.az xəbər verir ki, iyulun 10-dan etibarən qardaş ölkədə olan komandanın yeni transferləri Benni və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədir.
Hazırlıqla bağlı ümumi məlumat verən baş məşqçi Elmar Baxşıyev klubun rəsmi saytına bunları deyib: “Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.
Çalışdırıcı komandanın düşərgəsinə Türkiyədə qoşulan Benni və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.
Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirdi: “Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Erzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.
Qeyd edək ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama matçı keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq komanda iyulun 25-də Bakıya dönəcək.