Xesus Navas AÇ-2024-dən sonra İspaniya millisindəki karyerasını bitirəcək.
Futbolinfo.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə futbolçu oyundan öncə özü deyib.
Təcrübəli müdafiəçi Almaniyada təşkil olunan Avropa çempionatının finalında İngiltərəyə qarşı matçın onun milli karyerasında sonuncu olacağını bildirib:
“Alvaro Morata mənə açıqlama verməyin vaxtının çatdığını dedi. Bu mənim son oyunum olacaq. Uzun illərdən sonra hələ də millidə olmağım işimi yaxşı yerinə yetirdiyimi göstərir. Komandanın çempionluğu qazanması əla olacaq – biz buna layiqik”.
Navas İspaniya millisinin hazırkı heyətində həm Avropa (2012), həm dünya çempionatının qalibi (2010) kimi yer alan yeganə futbolçudur. 38 yaşlı arxa xətt oyunçusu millidə keçirdiyi 56 oyunda 5 qola imza atıb.