Bu gün İngiltətənin paytaxtı Londonda “Uimbldon” turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ötən il olduğu kimi, bu il də finalda Karlos Alkarasla Novak Cokoviç qarşılaşıblar.
Keçən il ispan tennisçi 5 setdə Novak Cokoviçi məğlub etmişdi.
Ekspertlər finaldan öncə Alkarasa cüzi üstünlük verirdilər. Bir tərəfdə gənclik, digər tərəfdə isə təcrübə mübarizə aparırdı.
Oyunun ilk geymi keçən ilki finalı yada saldı. Cokoviçin servisində geym 14 dəqiqə davam etdi. Keçən il onun servisində geym 27 dəqiqə sürmüşdü. Həmin geymdə Alkaras breyk etməyi bacarmışdı. Bu dəfə də ispan tennisçi rəqibin servisini götürə bildi. Ardınca isə rahat bir şəkildə ilk seti qələbəylə tamamladı – 6:2.
İkinci seti də Alkaras breyklə başladı. Ardınca üstünlüyünü artıran ispan tennisçi ilk setin mənzərəsini yaşatdı. Eynilə 1-ci setdə olduğu kimi, 7-ci geymdə breyk edərək fərqi artırdı və öz servisində də ilk setboldan istifadə edərək hesabı 2:0-a çatdırdı.
Oyunda təkcə hesab eyni olmadı. Setin xarakteri də eyni idi. Cokoviç öz servisləri zamanı üstünlük əldə edə bilmirdi. Tora çıxışları da serb tennisçinin yaxşı alınmırdı. Alkaras ilk setdə olduğu kimi, bu dəfə də birinci servislərindən 86% xal qazana bildi.
3-cü setin əvvəlində Novak müəyyən qədər oyununu tapa bildi. Alkarasın imkanı olsa da, breyk edə bilmədi. Ardınca isə onun servisində gərgin mübarizə getdi. Lakin tərəflərin heç biri breyk edə bilmədi. Nəhayət ki, 9-cu geymdə Karlitos rəqibin servisini qazandı. Hər şeyin bitəcəyi anda vəziyyət kəskin şəkildə dəyişdi. Alkaras 40:0 öndə olduğu geymdə 3 matçboldan istifadə edə bilmədi. Nəticədə setin taleyi tay-breykdə həll olundu. Burada da Karlos daha güclü olduğunu sübuta yetirərək 7:4 qalib gəldi. Beləliklə, ispan tennisçi ardıcıl ikinci il finalda Novakı məğlub edərək titulunu qorudu. Cokoviçə isə Rodjer Federerin “Uimbldon” rekordunu təkrarlamağa imkan vermədi.
Bu qələbə Karlos Alkarasın karyerasında 4-cü “Böyük dəbilqə” tituludur. İspan tennisçi hələlik finallarda məğlub olmayıb. O, Federerdən sonra ilk 4 finalda qalib gələn ikinci tennisçi olub. Bundan başqa “Kanal dəbilqə”sini (eyni ildə “Rolan Qarros” və “Uimbldon”da çempionluq)də etməyi bacarıb. Bu vaxta qədər Açıq Erada bu nailiyyətə Rod Leyver, Byorn Borq, Rafael Nadal, Rodjer Federer və Novak Cokoviç imza atıb.
Alkaras turnirdəki qələbəyə görə 3,4 milyon dollar qazanıb.