Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq Macarıstan klubu “Fehervar” növbəti yoxlama görüşündə Sloveniya təmsilçisi “Dekani” üzərində 1:0 hesablı qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, “Fehervar”ın yarımmüdafiəçisi Milan Petö qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib.
19 yaşlı pleymeyker “Sumqayıt”la görüşə yaxşı hazırlaşdıqlarını sözlərinə əlavə edib:
“Meydanda iradəli mübarizə sayəsində qalib gəldik və istədiyimiz oyunu göstərdik. Şadam ki, dördüncü yoxlama matçında da qələbə qazana bildik. Bunu davam etdirmək istəyirik. Qələbə seriyasını mümkün qədər uzatmaq, bunu rəsmi görüşlərə də sirayət etmək istəyirik. Hiss edirəm ki, yaxşı formadayıq. Mövsümün əvvəlində də buna ehtiyacımız var idi. Çünki startda 10 gün ərzində 4 çətin görüş keçirəcəyik. Onlardan ikisi Konfrans Liqasında “Sumqayıt”a qarşı olacaq. Azərbaycan komandası önünə belə yaxşı formada çıxmaq vacib amildir. Bu, bizə əlavə stimul verər və qələbəyə daha da ruhlandırar”.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyununu iyulun 25-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.