Qadın futbolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Aleksandra Sarvas Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçiriləcək oyunöncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı mütəxəssis Azərbaycan millisinin 5:0 hesabı ilə məğlub etdikləri Bakıdakı qarşılaşmanı da xatırlayıb.

O, “Liv Bona Dea Arena”dakı matçdakı performanslarından razılıq bildirib:

“Azərbaycanla oyunu yüksək səviyyədə keçirdik, taktiki cəhətdən rəqibi qabaqladıq. Bu rəqiblə evdəki görüşdə çoxlu qol imkanlarını qaçırmışdıq və nəticədə xal itirmişdik. Ancaq Bakıda ələ düşən imkanlardan maksimum yararlandıq. Hər kəs bir-birini çox yaxşı tamamladı, hətta ehtiyatdan mübarizəyə qoşulanlar da əla oynadılar. Hər matçda bu mentalitetlə meydana çıxmalıyıq. Artıq Azərbaycanla qarşılaşmanı unutmuşuq. Çünki Türkiyə ilə vacib görüşümüz olacaq. Bütün diqqətimizi türklərlə oyuna cəmləmişik”.

Qeyd edək ki, iyulun 16-da Macarıstan Türkiyəni qəbul edəcək, Azərbaycan isə İsveçrənin qonağı olacaq. Son tur öncəsi B liqasının 1-ci qrupunda macarlar 7 xalla ikinci, millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Shares: