“Kocaelispor”un Ramil Şeydayevlə yollarını ayırması Türkiyə klubu daxilində sevinclə qarşılanıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun gedişi I Liqa təmsilçisini ciddi maliyyə itkisindən xilas edib.

Belə ki, 28 yaşlı forvard Kocaeli təmsilçisinin ən yüksək ödənişli oyunçusu idi. Ancaq bunun fonunda ümidləri heç cür doğrultmurdu. 16 oyunda cəmi 1 qol vuran Ramil “Kocaelispor”da qalsaydı, növbəti mövsüm üçün 450 min avro məvacib alacaqdı. Ancaq bu ayrılıq həmin məbləğin klubun büdcəsində qalmasına səbəb olub.

Üstəlik, bildirilib ki, klubun ötən mövsümdən Şeydayevə 120 min avro borcu qalıb. Hücumçu həmin pulun 40 min avrosundan imtina edib. Belədə millimizin üzvünün ayrılması “Kocaelispor”a 490 min avroluq xeyrə salıb.

Qeyd edək ki, Ramil Şeydayevin “Neftçi”yə keçməsi gözlənilir.

Shares: