Qadın futbolçulardan ibarət İsveçrə yığmasının üzvü Alişa Lemann Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu səbirsizliklə gözləyir.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu yerli mətbuata açıqlamasında B liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq son görüşdə iştirak etmək arzusunda olduğunu bildirib.

Üç gün əvvəl Türkiyəni 2:0 hesabı ilə məğlub etdikləri səfər qarşılaşmasında cəmi 11 dəqiqə meydanda olan Lemann Lozannadakı matçda start heyətində oynamaq istəyir:

“Qrup birinciliyini təmin etsək də, bu bizi arxayınlaşdırmır. Türkiyə ilə görüşə ehtiyatdan başlasam da, qələbəmizə çox sevindim. Ümid edirəm ki, Azərbaycanla oyunda ilk dəqiqələrdən komandama kömək edərəm. İndi yalnız qrupun son matçı barədə düşünürük. Yalnız ondan sonra istirahətin planlarını cızmaq olar”.

Qeyd edək ki, iyulun 16-da Lozannada keçiriləcək İsveçrə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda İsveçrə 12 xalla birinci, Azərbaycan isə 4 xalla sonuncu pillədədir.

Shares: