“Səbail” klubunun futbolçusu Samir Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Türkiyədə buvaxtadək keçirdiyiniz yoxlama oyunlarında “Ərzurumspor”a 2:3 hesabı ilə uduzub, “Hatayspor”la 1:1 hesablı heç-heçə etmisiniz. Ərzurum toplanışını necə dəyərləndirirsiniz?
– Toplanış yaxşı keçir. Daha çox fiziki hazırlıq üzərində çalışırıq. Bu iki yoxlama oyununda da bunun üzərində işlədik. Məşqlərimizi intensiv qaydada davam etdiririk, hər şey əladır. İnşallah, çempionata kimi tam hazır olmağa çalışacağıq.
– “Ərzurumspor”la yoxlama matçında 2 qol vurdunuz. Hazırkı formanız sizi tam qane edirmi? Növbəti mövsümdə daha çox oyun praktikası əldə edə biləcəksiniz?
– “Ərzurumspor”la oyunda qollar vurduğum üçün sevincliyəm. Bundan sonrakı matçlarda da verilən şansları maksimum dəyərləndirməyə çalışacağam. Komandama daha çox xeyir vermək istəyirəm. Məşqlərdə və yoxlama görüşlərində əlimdən gələni edirəm ki, çempionatda daha çox şans qazanım.
– “Səbail”dən yay fasiləsində xeyli sayda oyunçu ayrıldı və onların yerinə yeni transferlər edilməkdədir. Sizcə, heyətdəki dəyişikliklər komandaya necə təsir edəcək?
– Keçən il çox yaxşı kollektivimiz var idi. Bəzi şanssızlıqlar olmasaydı, mövsümü daha yuxarı pillələrdə bitirə bilərdik. Artıq ötən mövsümü unudub diqqətimizi tam olaraq yeni sezonun hazırlığına yönəltmişik. Yeni gələn futbolçularımız da məşqlər və oyunlarda komandaya maksimum xeyir vermək üçün çalışırlar. İnanırıq ki, onların gəlişi bizə yaxşı təsir edəcək.
– Ötən mövsüm komandanın kapitanı olan Ağabala Ramazanov zədəsi ilə əlaqədar olaraq, karyerasını bitirmək məcburiyyətində qaldı. Onun bu qərarı sizi çox məyus etdi?
– Ağabalanın zədəsi hamımızı çox qorxutdu. Sağlamlığı futboldan daha önəmlidir. Buna görə də onun sağlam olub normal həyatına qayıtması məni daha çox sevindirir.
– Yeni mövsümdə “Səbail”in hədəfi nə olacaq? Komandanızın gücü hansı yerlər uğrunda mübarizə aparmağa çatacaq?
– Toplanışda maksimum dərəcədə yaxşı hazırlaşıb çempionata tam hazır olmağa çalışırıq. Yeni mövsümdə hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Turnir cədvəlində maksimum yuxarı pillələrdə olmaq istəyirik.
FƏRİD