Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”a qayıtmaq qərarına gəlib.

Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun hücumçusu Ağdam klubuna keçmək üçün üç təklifi rədd edib.

Belə ki, 27 yaşlı hücumçu “Sabah”, Almaniyanın “Nürnberq” və Əlcəzairin bir klubunun maraq dairəsində olub. Hətta Xorvatiya yığmasının sabiq futbolçusu Yuriça Vranyeş bununla bağlı “Nürnberq”in baş məşqçisi Miroslav Klozenin onunla əlaqə saxladığını da açıqlayıb: “Kloze mənə zəng edərək, Emreli haqqında soruşdu. Düşünürəm ki, bu transfer reallaşa bilər”.

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç də bu keçiddə israrlı olub. Lakin “Qarabağ”a sadiq olan Emreli Azərbaycan çempionu ilə ilkin razılığa gəlib. “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç də ayrılacağını bildiyi üçün yoxlama görüşlərində Emreliyə şans vermir.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, daha əvvəl 2016-2021-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Shares: