“Neftçi”nin “Beşiktaş”dan icarəyə götürməyə hazırlaşdığı Ajdin Hasiç “ağ-qaralar”a heç də ucuz başa gəlməyəcək.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçunun İstanbul nəhəngində illik məvacibi təxminən 750 min avrodur.
Bu səbəbdən 22 yaşlı forvard növbəti komandasında bundan aşağı məbləğə oynamaq istəmir. Təsadüfi deyil ki, Hasiç 2020-ci ildə “Beşiktaş”la 4,5 illik müqavilə bağlayanda ümumi maaşının 3 milyon 375 min avro olması nəzərdə tutulub. “Beşiktaş” rəhbərliyi sonradan bu məbləği bir qədər azaltmağa nail olmuşdu.
“Qara qartal” yalnız gənc oyunçu ilə yeni müqavilə imzalayacağı təqdirdə, onu birillik “Neftçi”yə icarəyə verməyə müsbət yanaşıb. Geridə qalan illərdə “Beşiktaş”da az oyun şansı yaxalayan Hasiç “Ümraniyespor”, “Göztəpə” və “Sarayevo”da icarə əsasında oynayıb.