“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si aparıcı futbolçusunu itirə bilər.
Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, “Makkabi” hücumçusu Frantsi Pyerro üçün təklif alıb.
Belə ki, Yunanıstanın “Aris” klubu israillilərin bombardirinin transferində maraqlıdır. Eyni zamanda “Aris”in çempionatdakı rəqiblərindən PAOK da Haiti millisinin üzvü üçün qarşı tərəflə danışıq aparmaq niyyətindədir. “Makkabi” rəhbərliyi isə ötən mövsüm bütün turnirlərdə 26 qol vuran Pyerronun satışından 3,5 milyon avro qazanmağı planlaşdırır. Yunanlar həmin məbləği ödəməyə razı olsa, hayfalılar qolçusunu avrokubokun startı ərəfəsində yola salacaq.
Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında ilk oyun iyulun 25-də Budapeştdə, cavab qarşılaşması isə avqustun 1-də Bakıda keçiriləcək.