“Neftçi”nin yeni rəhbərliyi bahalı əcnəbi kadrlarını məmnun etmək üçün xırda xərcləri aradan qaldırmağa davam edir.
Bakıda faydalı iş görmədən milyonçu olan idman direktoru Yens Andersson, karyerasında heç bir uğuru olmadan baş icraçı durektor təyin edilən Cenk Sümer, menecer klub rəsmisi Kamil Məmmədovun gətirdiyi futbolçularla komanda qurmağa məcbur edilən Roman Qriqorçuk – təkcə onların maaşı ilə Misli Premyer Liqasında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kollektiv qurmaq olar. “Neftçi” isə ötən mövsüm 30-32 milyon manatlıq büdcə ilə yalnız 5-ci ola bildi və indi də oxşar proseslərə şahidik.
Əvəzində klub rəhbərliyi uğursuz nəticələrin səbəbini başqa yerdə axtarır. Klub əməkdaşlarına verilən naharın ləğv edilməsinin ardınca indi də sıravi klub işçiləri ixtisara salınır. “Neftçi”də işini vicdanla görən 10-a yaxın əməkdaş ixtisara salınıb. Onların hamısının toplam maaşı sıradan bir legionerin aylıq qazancı qədər deyil. Amma bakılılar əcnəbilərin cibini doldurmağa, əvəzində ölkədə işsizlik probleminə “töhfə verməyə” davam edir.
Təbii ki, islahatlar ümum işin xeyrinə olsaydı, bunu başa düşmək olardı. Lakin bir yanda layiq olmadığı yüzminləri qatlayıb heç bir iş görməyənlər, digər tərəfdə gördüyü işin müqabilndə 5-10 manatı da əlindən alınanlar var.
Klub rəhbərliyinin səhv addımları üzündən kompensasiya ödənilən xeyli əcnəbinin adı məlumdur, tezliklə onlara yeniləri də qoşulacaq. “Neftçi”nin təkcə ötənmövsümkü büdcəsində 3 milyon manatlıq kəsir yaranıb. İndi vəziyyət düzəltmək üçün yüksək ödənişlilər deyil, məhz səsini asanlıqla batıra biləcəkləri sıravi işçiləri yola salırlar.
P.S.: Məsələ ilə bağlı “Neftçi”yə tribuna verməyə hazırıq.