Moldova yığmasının sabiq hücumçusu, 2010/2011 mövsümündə “Bakı” klubunun formasını geyinmiş Vyaçeslav Sofroninin futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Şerif” – “Zirə” matçını izlədinizmi? Qeydə alınan nəticə sizin üçün gözlənilməz olmadı?

– Bəli, oyunu izlədim. İlk matç komandaların hazırkı səviyyəsini ortaya çıxartdı. Gördük ki, “Şerif” və “Zirə” bərabərsəviyyəli rəqiblərdir. Onların mübarizəsində istənilən nəticəni gözləmək olar.

– “Şerif”dən daha çox hücum futbolu gözlənilsə də, təmsilçiniz yalnız ikinci hissənin əvvəlində təzyiq göstərə bildi…

– “Şerif” öz meydanında oynayırdı. Buna görə də hücum etmək, qol vurmaq məcburiyyətində idi. Ancaq “Zirə” bu hücumların, xüsusən də, ikinci hissənin əvvəlindəki həmlələrin qarşısında tab gətirə bildi, üstəlik, qələbə qolunu vurmağa da müvəffəq oldu. Buna görə “Zirə”ni təbrik edirəm.

– “Zirə”nin heyətində hansı futbolçuların oyunu daha çox xoşunuza gəldi?

– Hansısa futbolçunu fərqləndirmək istəmirəm. Sadəcə, onu deyim ki, “Zirə”nin üzvlərinin bir-birlərini daha yaxşı başa düşdükləri hiss olunurdu. Görünür, çoxdan bir yerdə oynayırlar. “Şerif”də isə xeyli sayda yeni transfer var. Onların adaptasiyası, meydanda bir-birlərini gözüyumulu başa düşmələri üçün zaman lazımdır.

– “Şerif”in transferlərindən söz düşmüşkən, “Qəbələ”dən Tiraspol klubuna keçən Əyyub Allaşın oyunu haqda fikriniz necədir?

– Bir oyuna əsasən, fikir bildirməyim düz çıxmaz. Digər transferlər kimi, o da hazırda uyğunlaşma mərhələsindədir. Allaşın “Şerif”də necə çıxış edəcəyini zaman göstərəcək. Bir neçə oyundan sonra komandaya faydalı olub-olmayacağını müəyyənləşdirə bilərik.

– Bakıda keçiriləcək cavab matçından gözləntiniz nədir?

– İlk oyunda qeydə alınan nəticəyə baxmayaraq, hər iki komandanın növbəti mərhələyə adlamaq şansı var. Təbii ki, Moldovadakı məğlubiyyətdən sonra “Şerif”in işi daha çətindir. Onlara artıq 2 qol lazımdır. Səfərdə bunu bacarmaq asan olmayacaq. Amma futbolda hər şey mümkündür. İndiki məqamda “Zirə” daha şanslı görünür. Həm səfərdə qalib gəliblər, həm də ikinci oyunu evlərində keçirəcəklər. Hər iki komandanın yaxşı oyun göstərməsini diləyirəm.

AĞA

Shares: