Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz-Naxçıvan”ın Türkiyə Superliqa təmsilçisi “Alanyaspor”la keçirdiyi yoxlama görüşündən sonra baş məşqçi Elmar Baxşıyev klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ikinci hissəsindəki performansdan razılıq bildirib: “Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi”.

Çalışdırıcı yeni transferləri ikinci hissədə mübarizəyə qoşmasının səbəbini də açıqlayıb: “Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar ki, komandadan ayrı məşq edirdilər. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular”.

Yoxlama oyunlarında nəticənin önəmli olmadığını söyləyən Elmar Baxşıyev Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkünü də dəyərləndirib: “Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır. İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın Türkiyə toplanışı iyulun 25-dək davam edəcək.

Shares: