Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan klublarından avrokuboklarda mübarizəyə ən tez başlayan “Zirə” oldu və təmsilçimiz Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Şerif”ə qalib gəldi (1:0). Bu nəticəni ehtimal edirdiniz?
– İlk öncə “Zirə”ni təbrik edirəm. Həqiqətən də Moldovadakı matçda yaxşı nəticəyə imza atdılar. Avrokuboklarda birinci oyun həmişə çətin keçir. Amma “Zirə” qarşısına qoyduğu missiyanın öhdəsindən artıqlaması ilə gəldi və səfərdən qələbə ilə qayıtdı. Moldovada “Şerif” kimi komandanı məğlubiyyətə uğratmaq müsbət haldır.
– Səfərdəki matçda “Zirə”nin heyətində xüsusi fərqlənən futbolçular oldumu?
– Məncə, konkret kimsə fərqlənmədi. Amma bu, “Zirə”nin futbolçularının pis oynadığı demək deyil. Sadəcə, komanda şəklində yaxşı təsir bağışladılar, əla mübarizə apardılar. Hər bir futbolçu sonadək döyüşdü, matçın sonunda isə vacib qol vuraraq Bakıya qələbə ilə qayıtdılar.
– “Zirə” üstünlüyünü qorumaq üçün Bakıda keçiriləcək cavab oyununda necə oynamalıdır?
– Bakıdakı görüş səfərdəki matçdan da çətin olacaq. Çünki rəqiblər bir-birlərini artıq daha yaxından tanıyırlar. Həm “Zirə” rəqibin üstün və zəif cəhətlərinə indi daha yaxşı bələddir, həm də “Şerif”. Bu mənada, doğma publika önündə də “Zirə”ni çətin oyun gözləyir.
– Avrokubok təmsilçilərimizdən yenə ən böyük inam “Qarabağ”adır. Sizcə, sabiq komandanız tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazana biləcək?
– Bəli, “Qarabağ”a inam böyükdür. Hamı bu komandadan avrokuboklarda hər il daha böyük uğur gözləyir. İnanıram ki, “Qarabağ” bu il Çempionlar Liqasının qrupunda olacaq və tarixi uğurunu təkrarlayacaq.
– Konfrans Liqası təmsilçilərimizdən “Sabah”ı “Makkabi” ilə çətin sınaq gözləyir. Bu dueldə hansı nəticəyə ümid edirsiniz?
– “Sabah”a da uğurlar arzu edirəm. Düzdür, “Makkabi” çətin rəqibdir, avrokuboklarda yetərincə təcrübəsi olan komandadır. Bununla belə, “Sabah”a güvənirəm. İnanıram ki, komandamız səfərdə keçiriləcək ilk oyundan sərfəli nəticə ilə ayrılacaq.
– Bəs “Sumqayıt”ın “Fehervar” səddini keçmək şansı nə qədərdir?
– “Sabah”dan fərqli, “Sumqayıt” ilk oyununu doğma meydanda keçirəcək. Məncə, Samir Abasovun komandası hər iki matçda sərfəli nəticə əldə edə biləcək.
FƏRİD