Yay mövsümü olduğu üçün dənizə getməyin, açıq havada üzməyin əsl vaxtıdır. Xüsusilə də müasir dövrdə insanların oturaq həyata məcbur olduğu bir vaxtda üzməyin önəmi bir qədər də artır.

Xoşbəxtlikdən Azərbaycanda, xüsusilə də paytaxt Bakıda yaşayanların müəyyən hissəsi dənizdə istirahət etməyi xoşlayır. Doğrudur, belə kütləvilik peşəkar idmanda ölkəmizin uğurlarına səbəb olmasa da, fiziki sağlamlığın yaxşılaşmasına xidmət edir. Bu da peşəkar idman nəticələrindən daha vacib şeydir.

Açıq suda üzgüçülük açıq su obyektlərində – göllər, çaylar, dənizlər və okeanlarda üzmək deməkdir. Bu üzgüçülük hovuzlarda üzməkdən fərqlidir, xüsusi diqqət və hazırlıq tələb edir. Bu yazımızda açıq suda üzməyin üstünlüklərini izah etməyə çalışacağıq.

Niyə açıq suda üzgüçülüklə məşğul olmalıyıq?

Ən qeyri-travmatik idman növü

İstənilən üzgüçülük bədən skeletini yükə salmır. Bir çoxlarından fərqli olaraq bu idman növü ilə məşğul olarkən, dayaq-hərəkət sistemi artıq təzyiq görmür, yəni zədə riski minimaldır.

Dözümlülüyü inkişaf etdirir

Üzgüçülük ürək-damar və tənəffüs sistemini mükəmməl şəkildə məşq etdirir ki, bu da öz növbəsində insanı daha da möhkəmləndirir.

Arıqlamaq üçün gözəl üsul

Üzgüçülük artıq çəkidən qurtulmağa kömək edir. Orta hesabla, 30 dəqiqə ərzində təxminən 200-300 kalori əritmək mümkündür. Daha sürətli üzdükdə, bu göstərici 600 kaloriyə çatır. Açıq su insanda motivasiyanı artırır: üzgüçü təmiz havadadır, oksigendən bol-bol udur və ətrafında gözəl mənzərələr var.

Stresslə mübarizə aparmağa kömək edir

Bəzən gündəlik problemləri unutmaq üçün üzgüçülük kifayət edir. Bu fəaliyyət zamanı beyin bədənin monoton hərəkətlərinə fokuslanır. Bundan əlavə, bir çox elmi araşdırmalar təsdiqləyir ki, üzgüçülük əhvalı yaxşılaşdırır.

Özünəinamı inkişaf etdirir

Açıq suda, istər göldə, istərsə də okeanda üzməyi öyrənməklə siz su qorxusundan xilas olacaqsınız.

661a3d71 42ef 487b 8302 da95e9881c88 - Futbolinfo.az

Yay əyləncəsi üçün ən gözəl şey

İsti havada sərinləmək və fiziki göstəricilərinizi yaxşılaşdırmaq fürsətindən əlavə, açıq suda üzgüçülük idman ictimaiyyətinin bir hissəsi olmaq, ailə və dostlarla aktiv həftəsonu keçirmək üçün əla fürsətdir.

Açıq suda üzgüçülüyə başlamaq üçün məsləhətlər

Nədən başlamaq lazımdır?

Əgər heç vaxt üzməmisinizsə və ya bunu edə biləcəyinizə əmin deyilsinizsə, o zaman mütləq hovuzdan başlamalısınız. Açıq suda üzgüçülük üçün bütün hazırlıqlar əsasən orada aparılır. Sonra su hövzələrində dayaz yerlərdə üzməyə keçə bilərsiniz. Bu, açıq su qorxusunu aradan qaldırmaq üçün lazımdır. Yalnız bundan sonra daha uzun məsafələrə və böyük ərazilərə keçməyiniz məsləhətdir.

Üzgüçülük üçün hovuz fərqli ola bilər. Hər şey təlim səviyyəsindən asılıdır. Bu işdə yenisinizsə, məşq etmək üçün tək çıxmamalısınız. Bir məşqçinin xidmətindən istifadə daha məqsədəuyğundur.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: