İyulun 26-da Paris Olimpiadasının açılış mərasimində iştirak etməli olan incəsənət nümayəndləri təşkilatçıları tətillə hədələyiblər.
Bu barədə “Le Parisien” qəzeti Ümumi Əmək Konfederasiyasının həmkarlar ittifaqına istinadən yazır. Sənətçilərin narazılığı iş şəraiti, o cümlədən əməkhaqqı ilə bağlıdır və onlar müqavilələrin pozulmasından da şikayət edirlər.
Məlumata görə, “Paris 2024” təşkilat komitəsi və açılış mərasimi üzərində işləyən “Paname 24” agentliyi ilə aparılan danışıqlar hələlik nəticə verməyib.
Olimpiadanın açılış proqramında 3000-ə yaxın rəqqas, musiqiçi və aktyorun çıxış edəcəyi nəzərdə tutulur. Şou, sahillər və körpülər də daxil olmaqla Sena çayı üzərində baş tutacaq.