Paris-2024 Yay Olimpiya Oyunlarının başlanmasına qısa bir zaman var. Dördilliyin ən mötəbər yarışında Azərbaycan idmançıları iştirak edəcəklər ki, onların arasında qərb bölgəsini təmsil edənlər də yer alacaq. Söhbət güləşçilərdən gedir.

Olimpiadada sərbəst güləş yarışlarında çıxış edəcək millinin üzvlərindən 74 kq çəkidə Turan Bayramov Gəncə güləş məktəbinin yetirməsidir. Gənc pəhləvan daha əvvəl Tokio Olimpiadasına qatılmaqla təcrübəyə sahibdir. Olimpiya çempionu Toğrul Əsgərovun davamçısı olaraq görülən Turana ümidlər böyükdür.

Ötən olimpiadadan fərqli budəfəki yarışa daha iddialı şəkildə yollanan güləşçi çempionluq arzusundadır: “Mən Gəncə güləş məktəbinin yetirməsiyəm. Buradan Azərbaycanın ilk dünya çempionu, ən gənc olimpiya çempionu çıxıb. Burada artıq idmanın pikləri yaşanıb. Mənim üçün bu, ikiqat məsuliyyətdir. Çünki mən onlara çatmaq istəyirəmsə, ən azı iki dəfə olimpiya çempionu olmalıyam. Çempionluğun ilkini Parisdə yaşamaq istəyirəm. Gəncə güləş məktəbi bu yay da sözünü deməlidir. Buna görə də əlimdən gələni edirəm. Necə ki mən Toğrul Əsgərovdan baxıb stimul aldım və Olimpiya Oyunlarına lisenziya qazandım, gənclər də mənə baxaraq daha sonrakı Olimpiya Oyunlarında iştirak edəcəklər”.

Qərb bölgəsində yetişən digər olimpiyaçımız Həsrət Cəfərovdur. Goranboydan olan idmançı Parisdə yunan-Roma növündə 67 kq çəkidə millimizin şərəfini qoruyacaq.

5f5bcfa3 6bbc 4deb bafa 396d00fa81e1 - Futbolinfo.az

Turandan fərqli Həsrət Olimpiadada debüt edəcək. Çempionluğa ən real namizədlərdən olan Cəfərov regiona klassik növdə ilk mükafatı gətirməyi hədəfləyib: “İlk olimpiadamdır. Mən də Qərb bögəsini təmsil edirəm, eyni zamanda əlbəttə ki, ümumi Azərbaycanın ümidləriyik. İnşallah, ən yaxşı nəticəni verib, xalqımızı sevindirərik. Hər bir güləşçinin arzusudur ki, Olimpiadada qızıl medal qazansın. Qərb bölgəsindən yunan-Roma güləşində medal verən olmayıb. İstəyərəm ki, bu ilkə imza atım”.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp