Səfərdəki qələbəyə baxmayaraq, “Şerif”lə ev matçının “Zirə” üçün daha ağır keçəcəyi gözlənilirdi. Moldova klubu ilk matçda yaxşı oyun sərgiləməsə də, futbolçularının keyfiyyəti hiss olunmuşdu. Sadəcə, transferlər gec reallaşdığından, tiraspolluların komanda halında hazırlığı yetərli olmamışdı.

Ötən bir həftə ərzində rəqibin oyununu təkmilləşdirməsi barədə gözləntilər özünü doğrultdu. Amma “Şerif”ə üstün görünməkdə Salifu Suma da yardım etdi. “Zirə”nin yarımmüdafiəçisi yersiz hərəkətlə meydandan qovuldu və Moldova təmsilçisinin təşəbbüsü ələ almasına imkan yaratdı.

Həmin anadək “Zirə” məntiqli hücum təşkil edib hesabı açmış, ilk oyundakı üstünlüyü artıraraq növbəti mərhələ haqda düşünürdü. Sumanın bağışlanmaz səhvi nəticəsində birdən-birə ssenari dəyişdi. İlk hissədə nəticəni qorumağı bacaran “qartallar” fasilədən sonra təslim oldu. “Qəbələ”dən tanıdığımız Əyyub Allaş hesabı bərabərləşdirdi, son dəqiqələrdə qonaqlar daha bir dəfə fərqlənib ümumi hesabı bərabərləşdirdi.

Yorğun “Zirə” futbolçuları əlavə vaxtda qol buraxmamağı bacardı. Amma penaltilər seriyasında bəxt qonaqların yanında oldu. Rəşad Sadıqovun yetirmələri ən zəif vaxtında qarşılaşdıqları rəqibin təcrübəsinə yenildi. Bakıdan həmişə məyus dönən “Şerif” bu dəfə qarşısında “Qarabağ”ın yox, başqa birinin olmasından məharətlə yararlandı.

Mərdəkandakı matç sanki “Zirə”nin Afrika yığmasına qarşı dueli idi. Bütünlüklə legionerlərə güvənən “Şerif”, bacarıqlı oyunçuları düşərgəsinə toplaya bilib. Təmsilçimizin heyətindəkiləri də nəzərə alsaq, meydandakı afrikalıların sayı 10-dan çox idi. Lakin futbolçu keyfiyyəti baxımından üstün olan moldovalılar mərhələni layiqli şəkildə keçdi.

Avropa Liqasında mübarizə bitsə də, “Zirə”nin Konfrans Liqasında yoluna davam etməsi təsəlli verir. Həqiqət isə odur ki, avrokuboklarda yenə “Qarabağ”ın ümidinə qalacağımız ehtimalı böyükdür. “Zirə” azca zirək tərpənsəydi, qitə kuboklarında azı daha 4 oyun keçirmək şansı qazanacaqdı. Bacarmadı…

AĞA

Shares: