Yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir yoxlama oyunu keçirəcək. “Sarı-göylər”in rəqibi ölkəmizdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubudur. İyulun 22-də Qəbələdə təşkil ediləcək matç, saat 17:30-da başlayacaq.

“Kəpəz” hazırlıq dönəmində daha bir sınaq matçı planlayır. Bunu futbolinfo.az saytına açıqlamasında baş məşqçi Adil Şükürov deyib: “Qarşıda “Əl-Yarmuk” ilə oyunumuz olacaq. Lakin komandamızın tam hazır olmasına hələ var. Bunlar yoxlanış oyunlarıdı. Komanda oyununu yaxşılaşdırmağa, təkminləşdirməyə çalışacağıq. İyulun 26-da daha bir matçı keçirmək üçün danışıqlar gedir. Alınsa, axırıncı yoxlama oyunumuzu oynayıb hazırlıq dövrünü bitirəcəyik. Avqustun 3-də bizi Premyer Liqada “Sumqayıt”la maraqlı oyun gözləyir”.

Şükürov transfer çalışmalarını davam etdirdiklərini bildirib: “Transferlərlə bağlı işlərimiz davam edir. İstər yerli, istərsə də xarici bazarda büdcəmizə uyğun futbolçularla danışırıq, onları komandaya cəlb etməyə çalışırıq. Klubdan ayrılan futbolçuların sayı həddən artıq çox oldu. Niyyətimiz heyətdəki oyunçuları qorumaq və daha 4-5 transferlə güclənmək idi. Amma qismət deyilmiş. Gedən hər kəsə uğurlar arzulayıram. “Kəpəz”i Premyer Liqada saxlamaq gücündə olan heyət toplamağa çalışırıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: