“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin futbolinfo.az saytına müsahibəsi
– Siz “Qarabağ” futbol akademiyasına koordinator təyin olunandan sonra təqdirəlayiq hallardan biri aşağı yaş qrupları üzrə komandalarınızın tez-tez ölkə xaricində turnirlərə qatılmasıdır. Bu barədə rəhbərlikdən xüsusi istəyiniz olub?
– Rəhbərliklə ilk görüşlərimizdən birində turnirlərin futbolçuların inkişafı üçün önəmli olduğunu müzakirə etmişdik. Rəhbərlik də sağ olsun, bu fikrimə müsbət yanaşmışdı. Artıq bu istiqamətdə işlərə start vermişik. Davamlı olması haqda düşünürük.
– Yaxın zamanlarda aşağı yaş qrupu üzrə hansı komandanızın beynəlxalq turnirə qatılması nəzərdə tutulub?
– Çalışacağıq ki, bütün komandalarımız beynəlxalq turnirlərdə iştirak etsinlər. Hədəf qruplarımızın isə ildə 2-3 dəfə belə turnirlərə qatılmasını planlaşdırırıq. Turnirlərə qatılarkən rəqiblərin keyfiyyətinə də fikir veririk. İtaliyada hər il keçirilən bir turnir var, çox bəyənirik. Hazırda həmin turnirə qatılmaq üçün danışıqlar gedir.
– “Qarabağ”ın akademiyasında gələcəyin ulduzu ola biləcək, perspektiv vəd edən uşaqlar varmı? Kimlərdən gözləntiniz böyükdür?
– Ümümiyyətlə, “Qarabağ”la yanaşı, digər klublarımızda da istedadlı uşaqlar var. Onların peşəkar futbola keçidinə çox inanıram. Yetər ki, vaxtlarını daha çox futbola ayırsınlar və zamanla ustalıqlarını artırsınlar.
– Akademiyanızda hansı mövqe üzrə daha çox istedadlı uşaq mövcuddur? Bu sarıdan ən zəif mövqelər hansıdır?
– Hər mövqedə istedadlı uşaq var. Adlarını çəkmək istəmirəm, desəm, arxayınlıq yaranar. Sadəcə, onları düzgün yönləndirmək lazımdır. Solaxay istedadlar azdır. Zənnimcə, bu, həmişə belə olub. Bəyəndiklərimin arasında solaxay olan da var.
– Akademiyanızda, ümumiyyətlə, uşaq futbolumuzda hansı problem hazırda sizi daha çox narahat edir?
– Ən çox narahatlıq infrastrukturla bağlıdır. Klubların akademiyalarının olmaması, meydançaların keyfiyyəti və azlığı inkişafı ləngidən amillərdəndir. Ancaq bunların da düzələcəyinə inanıram.
– Akademiyanızla bağlı yaxın zamanlarda başqa hansı işlər görüləcək?
– Akademiyanın inşası ilə bağlı rəhbərlik çox ciddi məşğul olur. Müxtəlif yerlər təklif olunur. Bunun üçün çox geniş təhlilə ehtiyac var. İnanırıq ki, yaxın gələcəkdə klubun akademiyası istifadəyə veriləcək. Strukturumuzda da dəyişiklik olacaq, kadr artımı gözlənilir.
– Bəzi aparıcı klublarda əsas komandanın sərgilədiyi oyun tərzi aşağı yaş qruplarında da tətbiq olunur. “Qarabağ”da da bu yanaşma mövcuddur?
– Bəli, biz artıq bu istiqamətdə işə başlamışıq. Oyun modelimizi daha da inkişaf etdirmək istəyirik. Bu mövsümdən metodist şöbəmiz də fəaliyyətə başlayır.
– Özünüzün yaxşı zamanlarda hansısa Avropa klubunun akademiyasına səfəriniz nəzərdə tutulub?
– Son sezonda belə səfərlər oldu. “Benfika”, “Fənərbağça”, Tiflis “Dinamo”sunun akademiyalarına baş çəkdim. Növbəti mövsümdə də bu cür səfərlər planlaşdırılır. İspaniya klublarının, xüsusən, “Barselona” və “Vilyarreal”ın akademiyalarında olmaq istəyirəm.
– Bəs gələcəkdə hansısa Avropa klubu ilə əməkdaşlıq çərçivəsində akademiyanızdan bir neçə futbolçunu oraya göndərmək planınızda varmı?
– Bəli, belə bir planımız da var. Əməkdaşlıq etdiyimiz Avropa klublarına bir neçə oyunçumuzu baxışa göndərmək istəyirik. Hansı klublara göndərəcəyimizlə bağlı hələ qərar verməmişik. Bu, danışıqlardan asılı olacaq.
– Görürük ki, sabiq milli üzvlərinə, keçmiş futbolçulara “Qarabağ”ın akademiyasında məşqçilik etməyə şərait yaradırsınız. Bu tendensiyanı davam etdirəcəksiniz?
– Məqsədimiz “Qarabağ”da, millidə oynamış sabiq futbolçuları məşqçi kimi də ölkə futboluna qazandırmaqdır. Hələ ki, olanlarla davam edəcəyik. Amma marağımıza, kriteriyalarımıza uyğun məşqçiləri fürsət düşən kimi cəlb etməyə çalışacağıq.
– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov akademiyada görülən işlərlə tez-tez maraqlanırmı? Yəqin ki, bütün məsələlərlə bağlı onunla məsləhətləşirsiniz…
– Bəli, maraqlanır. Ara-sıra görüşüb gedişat haqda müzakirələr edirik. Bəzən istedadlı futbolçuları əsas komandaya məşqə göndəririk.
ABBAS
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu