“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Dunayska Streda” daha bir futbolçunu heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, hücumçular Ladislav Almasi və Yan Bernatdan sonra Slovakiya klubu yarımmüdafiə xəttini də gücləndirib.

Belə ki, Slovakiyanın digər komandası “Podbrezova”nın orta sahə oyunçusu Mahmudu Bajo Dunayska Streda şəhərinin təmsilçisinə keçib. Qambiya millisinin 19 yaşlı oyunçusu “Zirə”nin rəqibi ilə 4 illik müqavilə imzalayıb.

20 yaşadək futbolçular arasında son dünya çempionatının iştirakçısı olan Bajo xaricdən təkliflər almasına baxmayaraq, “Dunayska Streda”nı üstün tutduğunu bildirib: “Bura müntəzəm oynamaq, assistlər və qollarla komandaya xeyir vermək üçün gəlmişəm. Konfrans Liqasında “Zirə” ilə keçiriləcək ilk oyunları səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Zirə” “Dunayska Streda” ilə ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə avqustun 1-də səfərdə keçirəcək.

Shares: