“Qarabağ” klubunun sabiq hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Keçmiş komandanız “Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln” ilə ilk oyununa çıxacaq. Ağdam təmsilçisinin bu mübarizədən asanlıqla qalib ayrılacağını düşünürsünüz, yoxsa Qurban Qurbanovun yetirmələri çətinliklə üzləşə bilərlər?

– “Qarabağ” “Linkoln” ilə ilk oyununu səfərdə, süni meydançada keçirəcək. Süni örtük “Qarabağ”a çətinlik yarada bilər. Buna baxmayaraq, çempionumuzun bu mərhələni adlayacağını düşünürəm. “Qarabağ” səfərdə çətinliklə üzləşsə belə, evdə bu komandaya rahatlıqla qalib gələ bilər. İnanmıram ki, təmsilçimiz rəqibinə saymazyana yanaşsın. Çünki Çempionlar Liqasında asan rəqib olmur, hər bir komandaya qarşı ciddi hazırlaşmaq lazımdır. “Qarabağ” da həmişə rəqiblərinə hörmətlə yanaşıb. Odur ki, keçmiş komandamın “Linkoln” səddini keçəcəyinə əminəm.

– “Qarabağ” “Linkoln” səddini adlayacağı təqdirdə, III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalardan hansının çempionumuza rəqib olmasını istərdiniz və Ağdam klubunun növbəti mərhələdən də üzüağ çıxmaq şansını necə dəyərləndirirsiniz?

– Məlum məsələdir ki, növbəti rəqib daha güclü olacaq. Həm “Ludoqorets”, həm də “Dinamo” yaxşı komandadır, xüsusən, “Ludoqorets”in adını çox vaxt avrokuboklarda eşitmişik. Növbəti rəqibin kimliyindən asılı olmayaraq, çempionumuza inanıram. Fikrimcə, “Qarabağ” həm “Ludoqorets”, həm də “Dinamo”dan bir addım öndədir. İnanıram ki, “Linkoln” səddini keçəndən sonra növbəti mərhələdə də sevinən tərəf “Qarabağ” olacaq.

– “Qarabağ”ın heyətində müəyyən dəyişikliklər baş verib. Bu dəyişikliklər “köhlən atlılar”ın xeyrinə olacaq, ya ziyanına?

– Fikrimcə, elə böyük dəyişiklik olmayıb. Əsas dəyişiklik qapı xəttində baş verib. Digər mövqelərdə isə keçən il oynayan futbolçulardır. Yoxlama görüşlərində də gördük ki, heyətin böyük qismini ötən mövsümdəki oyunçular təşkil edir, təkcə qapı xəttində vəziyyət fərqlidir. Heyətdə az dəyişikliyin olması isə “Qarabağ”ın ancaq xeyrinədir. Çünki oturuşmuş heyətə qarşı mübarizə aparmaq çətindir.

– “Qarabağ” çox çalışsa da, sabiq oyunçusu Kadi Borgesi geri qaytara bilmədi. Sizcə, bu transferin alınmaması Ağdam klubunun ÇL-də uzun yol qət etməsini əngəlləyə bilər?

– Futbolda belə hallar olur. Bir oyunçunu istəyirsən, amma o daha yaxşı təklif alır və başqa kluba gedir. Buvaxtadək “Qarabağ”da çox belə hal olub ki, hansısa futbolçu ayrılanda azarkeşlər təəssüfləniblər. Amma yerlərinə gələn oyunçular da boşluğu doldura biliblər. “Qarabağ”ın hazırkı hücum xətti də keyfiyyətli futbolçulardan qurulub. Ümumiyyətlə, komandanın neçə mərhələ adlayacağını bir futbolçu ilə ölçmək olmaz. Razıyam, Kadi yaxşı oyunçudur. Lakin hazırkı heyətin üzvləri də ondan geri qalmırlar, irəli xətdə inamlı çıxış edirlər.

– “Qarabağ”ın bu mövsüm tarixi uğurunu təkrarlayacağına – Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanırsınız?

– “Qarabağ”a hər zaman inanırıq. Çünki mütəmadi olaraq böyük nəticələrə imza atan komandamızdır. Bu il yenidən Çempionlar Liqasının qrupuna düşə bilərlər. Niyə də olmasın?! İnanırıq ki, “Qarabağ” tarixi uğurunu təkrarlayacaq və Çempionlar Liqasının qrup mərhələsində yer alacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp