Azərbaycan futbolunda dəbi müəyyənləşdirən komanda “Qarabağ” olsa da, son 2-3 ildə “Sabah” xüsusi dəsti-xətti ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Hətta bu mənada Masazır təmsilçisi “Neftçi”ni də geridə qoyub.

Doğrudur, bunu haradasa Murad Musayevlə əlaqələndirmək lazımdır. Amma onun gedişindən sonra da “Sabah” “relsdən çıxmadı”. Hətta rusiyalı mütəxəssis burada işlədiyi müddətdə belə enişdə olan komanda onun istefasından sonra dirçəlməyi bacardı. Bu da o deməkdir ki, “Sabah”ın çətin vəziyyətlərdən çıxa bilmək bacarığı klub rəhbərliyinin atdığı doğru addımlarla əlaqəlidir.

Təəssüf ki, oyunçu və məşqçi seçimini doğru həyata keçirən klubun bir məsələdə bəxti gətirməyib. Söhbət avrokuboklardakı püşkdən gedir. Ötən mövsüm “Partizan”la qarşılaşan komandamızın qismətinə bu dəfə son illər İsrail futbolunun ən uğurlu komandası olan Hayfa “Makkabi”si düşdü. “Sabah” ötən mövsüm heç olmasa, ilk mərhələdə Latviyanın “Riqa”sı kimi münasib rəqiblə qarşılaşmaq imkanı əldə etmişdi. Amma bu mövsüm siftə lap uğursuz alındı. Pis odur ki, “Makkabi” “Partizan”dan da güclü komandadır.

Bu komanda son 3 mövsümdə avrokubokların qrup mərhələsində oynamaq imkanı qazanır. Bu 3 mövsümdən birində də, yəni 2022/23-də Çempionlar Liqasının həlledici mərhələsində oynayıb, hətta evdə “Yuventus”u 2:0 hesabıyla üstələyə bilmişdilər. Ötən mövsüm isə Konfrans Liqasında 1/8 finala qədər yüksəlib, orada da gələcək finalçı “Fiorentina”ya boyun əymişdilər.

Əslində, nəinki bizim klublarla dəfələrlə qarşılaşan, hətta Avropa futbolunda gözümüzün qabağında böyüdüyünə görə “Makkabi”ni tanıtmağa ehtiyac yoxdur. Bizə hazırkı komandanın durumu maraqlıdır. Görəsən, “Sabah” onları mübarizədən kənarlaşdırmaq üçün nə etməlidir?

İndiki məqamda Krunoslav Renduliçin komandası üçün “Makkabi”nin ev oyunlarını neytral meydanda keçirməsinin özü ən böyük üstünlükdür. Qəzza zolağında münaqişəyə görə İsrailə səfər etməyin təhlükəli olmasına görə, hayfalılar digər İsrail klubları kimi avrokuboklarda ev oyunlarını başqa ölkələrdə keçirmək məcburiyyətində qalıb. “Makkabi” də “Sabah”ı Macarıstanın Kişvarda şəhərində qəbul edəcək. Hayfanın “Sammi Ofer” stadionunda azarkeşlərinin rəqibləri üçün yaratdığı cəhənnəmi “Sabah” görməyəcək. Bu da futbolçularımızın oyununa müsbət təsir göstərə bilər.

Amma məsələ tək bununla da yekunlaşmır. Ardıcıl 3 il çempion olduqdan sonra ötən mövsüm 2-ci yeri tutan komandanın eniş dövrü elə o vaxtdan başladı. Məsələ ondadır ki, “Makkabi” hələ də özünə gələ bilmir. Mövsüm başa çatandan sonra Hayfa klubundan 10 oyunçu gedib, bunun əvəzində 3 nəfəri transfer ediblər. Bu da istər-istəməz heyət yetərsizliyinə səbəb ola bilər.

Gəlin əvvəlcə “Makkabi”dən gedənlərə diqqət ayıraq. Bu yay klub vidalaşdığı oyunçulardan yalnız Stav Naxmaninin satışından pul qazanıb. Belə ki, İsrailin digər komandası “Aşdod” 21 yaşlı mərkəz hücumçusuna görə “Makkabi”yə 50 min avro ödəyib.

Komandaya pul qazandırmadan gedənlər haqda çox danışmaq olar. Bu mənada 19 yaşlı israilli sağ cinah hücumçusu Anan Xalayli Belçikanın aparıcı klublarından biri olan “Yunion Sent-Jilluaz”a azad agent kimi qismət olub. Daha bir Belçika komandasına Tyaronn Seri üz tutub – 36 yaşlı surinamlı hücumameyilli yarımmüdafiəçi “Antverpen”lə anlaşıb. Digər oyunçular isə digər İsrail klublarına üz tutublar. Məsələn, 24 yaşlı mərkəz müdafiəsi Ori Dahan “Beytar”a, 24 yaşlı yarımmüdafiəçi Maor Levi “Makkabi Netanya”ya, 20 yaşlı mərkəz müdafiəçisi Yonatan Lays “Hapoel Yerusalim”ə keçib.

“Makkabi” bəzi futbolçularını da i icarəyə verib. 18 yaşlı yarımmüdafiəçi Yarin Levi növbəti mövsüm “Beytar”da, 22 yaşlı müdafiəçi Tamir Arbelin “Hapoel Hayfa”da oynayacaq. 37 yaşlı qapıçı İtamar Nitsan karyerasını başa vurubsa, onun yaşıdı olan hücumçu Tomer Hemed hazırda klubsuzdur.

Yeni transferlərə gəlincə, bu mənada “Makkabi Netanya”dan 1,3 milyon avroya 22 yaşlı dayaq yarımmüdafiəçşisi İtan Azulayın keçidini həll etməklə xeyli qabağa düşüblər. İsrail millisinin üzvü olan bu futbolçu “Makkabi” üçün əsl tapıntıdır. Daha bir önəmli transfer isə Kiyev “Dinamo”sunun mərkəz müdafiəçisi Aleksandr Sirotadır. 24 yaşlı ukraynalı futbolçunu icarəyə götürsələr də, transfer hüququna sahib çıxa bilərlər. Sirota bugünə qədər 2 dəfə Ukrayna millisinin heyətində çıxış edib. Bu yay Hayfa klubu Argentinanın “Arsenal Sarandi” klubunun 26 yaşlı qapıçısı Tomas Sultanini də azad agent kimi heyətinə qatıb.

Bir il “Srvena Zvezda”nı çallşdırdıqdan sonra yenidən “Makkabi”nin “sükanı arxasına” keçən Barak Baxarın oyun üslubuna göz gəzdirməli olsaq, qarşımızda 3-4-1-2 taktiki düzülüşünə üstünlük verən komandanı görərik. Qapıda argentinalı Sultaniyə güvənən təcrübəli mütəxəssis mərkəz müdafiəçiləri kimi İsveç milliisinin üzvü Daniel Sundqren, yuxarıda adını çəkdiyimiz Aleksandr Sirota və xorvatiyalı Lonentso Şimiçə şans verir. Sonuncu İtaliyanın “Sampdoriya”, “Empoli”, “Leççe” və “Askoli” komandalarında çıxış edib.

Yarımmüdafiə xətti demək olar ki, israilli oyunçulardan ibarətdir. Maor Kandil, Qoni Naor, Mahmud Jaber perspektivli futbolçulardır. Uzun müddət İspaniya klublarında çıxış edən fransalı Pyer Kornud da təhlükə mənbəyidir. Amma komandanın əsas silahlarından biri kapitan Leon Rafaelovdur. Bu oyun qurucusunu tanıtmağa ehtiyac yoxdur. İsrail millisinin üzvü uzun illər “Brügge”, “Antverpen” və “ Anderlext”i çiyinlərində daşıyıb. “Sabah” onu zərərsizləşdirsə, özünü növbəti mərhələyə hazırlaya bilər.

Hücumda Haiti millisinin hücumçusu Frantsdi Pyerrodan ehtiyatlı olmalıyıq. “Makkabi”də 60 oyuna çıxıb 25 qol vuran 29 yaşlı forvard müdafiəçilərimizin əsəbləri ilə oynayacaq. İsrail millisinin “qol maşınları”ndan biri olan Dean David bir ayrı təhlükə mənbəyidir. Son 3 ildə Hayfa klubunda çıxış edən 28 yaşlı forvard 43 dəfə rəqib qapılarına yol tapıb. Bəzən start heyətində də meydana çıxan, bəzən də sonradan mübarizəyə qoşulan “Sivasspor”un sabiq hücumameyilli yarımmüdafiəçisi Dia Sabanı da unutmaq olmaz.

Kenni Sayefi də yaddan çıxartmamalıyıq. Amma “Neftçi”nin əsas fiqurlarından olmuş yarımmüdafiəçi bu komandanın əsas fiqurlarından sayılmır. O, “Neftçi”dən ayrılandan sonra “Makkabi”də cəmi 14 oyunda meydana çıxıb.

FƏRİD

Shares: