“Zirə” UEFA Avropa Liqasında səfərdə “Şerif”i 1:0 hesabı ilə məğlub etdikdən sonra üstünlüyünü qoruya bilsəydi, indi biz “DAK 1904” klubunu deyil, İsveçin “Elfsborq” klubunu incələyəcəkdik. Təəssüf ki, komandamız Tiraspolda “okeanı keçib” Bakıda “bataqlığa qərq oldu”.
Amma bu futboldur, biri udanda biri də uduzmalıdır. Keçmişə görə təəssüflənənə qədər, əlinə düşən imkandan istifadə etməyi bacarmalısan. Ələ isə heç də pis imkan düşməyib. Rəşad Sadıqovun komandası ötən mövsüm Slovakiya çempionatında 2-ci yeri tutan kollektivlə münasibətlərinə aydınlıq gətirməli olacaq.
Təbii ki, səfərdə “Şerif” kimi güclü komandanı məğlub edən bir komandanı “DAK 1904”lə qorxuda bilmərik. Amma yenə də rəqib futbol ölkəsi olan Slovakiya klubudur. Hər nə qədər dunayska-stredalılar tiraspollular qədər “avrokubok canavarı” olmasa da, ciddiyə alınası komandadır. Həm də ki, bizim də qarşımızda “Qarabağ” dayanmayıb. “Zirə” avrokuboklarda addımlarını hələ indi-indi atır. Halbuki, bu mənada rəqib “qartallar”dan daha təcrübəlidir. Gəlin rəqibi təhlil etməmişdən əvvəl son 6 mövsümdə müntəzəm olaraq avrokuboklardakı çıxışlarına nəzər salaq.
1993/94 mövsümündən sonra 2018/19-da qitəmiqyaslı turnirdə oynamaq imkanı qazanan “DAK 1904” ilk mərhələdə Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdırqdan sonra növbəti “dayanacaq”da Minks “Dinamo”suna “ilişdi”. Növbəti mövsüm yenə Avropa Liqasında Polşanın “Krakovya” klubunu keçdikdən sonra Yunanıstanın “Atromitos” komandası ilə bacarmadılar. 2020/21 mövsümündə isə daha artığını etdilər. İslandiyanın “Hafnarfyordur” və Çexiyanın “Yablonets” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə iki mərhələ keçməyi bacardılar. Amma növbəti etapda Avstriyanın LASK klubu onları çox uzağa getməyə qoymadı. 2021/22 mövsümündə “Partizan” onları ilk mərhələdə “zərərsizləşdirməyi” bacardısa, o biri il yenə də iki mərhələ adladılar. Əvvəlcə Şimali İrlandiyanın “Kliftonvill”, daha sonra Farer adalarının “Vikinqur” kollektivinin öhdəsindən gəldilər. 3-cü cəhddə isə Rumıniyanın FSCB (köhnə adı “Styaua”) komandası qarşısında aciz qaldılar. Ötən mövsüm isə Gürcüstanın “Dila Qori” komandasına ilk mərhələdə uduzdular.
Göründüyü kimi, tarixi ərzində qrup mərhələsində oynamaq imkanı qazanmasalar da, bəzən 2 mərhələ keçməkdə problem yaşamırlar. Ona görə də “Zirə” “Valensiya” və “Betis”in sabiq cinah hücumçusu Xisko Munyosun çalışdırdığı komandanı devirmək üçün xeyli əziyyət çəkməlidir. Bunun üçün isə rəqibi yaxşıça incələmək lazımdır. İngiltərədə “Uotford” və “Şeffild Uenzdey” kimi komandaları çalışdıran mütəxəssis 3 il Tiflis “Dinamo”sunda oynadığından və bir müddət də bu komandanı çalışdırdığından Qafqaz futbolu və mentalitetindən xəbərdardır. İspaniyalı komandasını “qartallar”la oyuna yaxşı kökləyəcək.
Bəs, görəsən, ötən mövsümlə müqayisədə bu komandada hansı dəyişikliklər baş verib? Munyosun gedənlərə üzülübsə, gələnlərə sevinibmi? Hər halda, komandamıza qarşı iki oyunda özü də bu suala müəyyən mənada cavab tapacaq.
Əvvəlcə onu qeyd edək ki, dunayska-stredalılar yaydda heç bir futbolçusunun gedişindən qazanc əldə edə bilməyiblər. Məsələn, çexiyalı hücumameyilli yarımmüdafiəçi Aleş Çernak “Bohemians 1905”ə, ukraynalı dayaq yarımmüdafiəçisi İqor Xaratin “Kolos”a, slovakiyalı orta xətt oyunçusu Dominik Veselovski “Dukla Banska Bistritsa”ya və daha bir slovakiyalı yarımmüdafiəçi Miroslav Kaçer “Jilina”ya pulsuz qismət olub. Üstəlik, rumıniyalı sağ cinah müdafiəçisi Mark Kovaçı “Çiksereda”ya, yunanıstanlı mərkəz hücumçusu Yannis Niarxosu “Koşitse”yə və serbiyalı sol vinger Jelko Qavriçi “Dyor”a icarəyə göndəriblər. Seneqallı mərkəz yarımmüdafiəçisi Pap Şeyx Diopla qanalı sağ vinger Brayan Oddeyə isə ümidlləri doğrultmadığına görə qapını göstəriblər.
Yeni transferlərə gəlincə, bu yay yalnız bir futbolçuya görə pul xərcləyiblər. 19 yaşlı qambiyalı dayaq yarımmüdafiəçisi Mahmudu Bacoya görə “Jelezyarne Podbrezov”a 350 min avro ödəyiblər. 19 yaşlı macarıstanlı dayaq yarımmüdafiəçisi Mate Tuboli isə “Dyor”dan azad agent kimi klubun sıralarına qoşulub. “Ferentsvaroş-2″dən 21 yaşlı macarıstanlı sağ vinger Damir Reciç də onlara pulsuz başa gəlib. İki futbolçunu da icarəyə götürüblər. Söhbət “Banik Ostrava”dan gələn 25 yaşlı slovakiyalı mərkəz hücumçusu Ladislav Almaşi və “Vesterlo”dan 23 yaşlı daha bir yerli hücumameyilli yarımmüdafiəçi Yan Bernatdan gedir.
Yeri gəlmişkən, dunayska-stredalıların heyətində yer alan 30 oyunçudan 23-ü legionerdir. Özü də bu oyunçulardan 7-i macardır. Təsəvvür edirsiniz, komandada yerli oyunçuların sayı qədər macarıstanlı var. Bu da səbəbsiz deyil. Dunayska-Streda Slovakiyada macarların ən çox yaşadığı şəhərdir. Ümumiyyətlə, bu şəhər Slovakiya macarlarının mərkəzidir. Ən təhlükəli oyunçuları isə 23 yaşlı slovakiyalı hücumçu Matey Trusadır. Bu futbolçu komandanın heyətində keçirdiyi 30 oyuna 12 qol vurub.
Yuxarıda adını çəkdiyimiz, “Ferentsvaroş”dan alınan Damir Redziç son iki hazırlıq oyununda fərqlənməyi bacarıb. Misirli cinah hücumçusu Ammar Ramadan da təhlükəli futbolçulardandır. “Qartallar” legionerdən bol olan “Şerif”lə bacara bilməsə də, bir o qədər əcnəbi futbolçusu çox olan slovakiyalılara “dimdiyini göstərməlidir”.
AĞA