Çempionlar Liqası (ÇL) və Konfrans Liqasında (KL) 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Futbolinfo.az saytı xəbər verir ki, Azərbaycanın aktivinə növbəti xallar yazılıb.
“Qarabağ”ın ÇL-in 2-ci raundunda “Linkoln”u Cəbəllütariqdə 2:0 hesabı ilə məğlub etməsi ölkəmizə daha 0,250 xal gətirib. Bununla cari mövsüm toplanan xal sayı 0,500 olub. Son 5 mövsümdəki nəticələrə görə aktivində 17,250 xal olan Azərbaycan reytinqdə 25-ci pillədə qalıb. 24-cü sıradakı Slovakiyadan cəmi 0,125 xal geri qalırıq.
Baş tutan matçlardan sonra 5 ölkə bir pillə irəliləyib. Bunlar Norveç, Danimarka, Macarıstan, İsveç və Kosovodur. Onlar müvafiq olaraq Avstriya, İsveçrə, Rusiya, Rumıniya və İrlandiyanı geridə qoyublar.
UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) üçüncü pillədədir.