Klubların son 10 ildə avrokuboklardakı çıxışlarına əsasən UEFA reytinqi yenilənib.

Futbolinfo.az saytı xəbər verir ki, “Qarabağ” cədvəldə bir pillə irəliləyib.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Linkoln”u səfərdə 2:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu cari mövsümdəki xal ehtiyatını 2,50-yə çatdırıb. Ağdam klubunun son 10 ildəki ümumi qazancı isə 52,500 əmsaldır. Təmsilçimiz bununla 52,000 əmsala malik Türkiyə çempionu “Qalatasaray”ı geridə qoyaraq, 62-ci pilləyə yüksəlib. Qurban Qurbanovun yetirmələri Təl-Əviv “Makkabi”si (İsrail) ilə bu yeri bölüşdürür.

Reytinqdə yer alan Azərbaycanın digər klublarından “Neftçi” (11,750 xal) 223-cü pillədə qalıbsa, “Qəbələ” (10,500) 270-ci yerə düşüb. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Şamaxı”, “Səbail” və “Kəpəz” də geriləyiblər. Onlar 353-cü pilləni bölüşdürürlər.

554 klubun yer aldığı UEFA reytinqinə 259,000 əmsalla İspaniya nəhəngi “Real” başçılıq edir. “Bayern” (Almaniya – 250,000) ikinci, “Mançester Siti” (İngiltərə – 245,000) üçüncüdür.

Shares: