Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın qonağı olacaq Macarıstan klubu “Fehervar” Azərbaycana yola düşüb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq ölkəni tərk edən komandanın təyyarəsi təxminən saat 12:50-də Bakıda olacaq.
Səfər öncəsi qısa açıqlama verən “Fehervar”ın baş məşqçisi Petö Tamaş “Sumqayıt”ın ən güclü tərəfinin fiziki durumu olduğunu bildirib: “Çox əzmkar məşqçiyəm, oyunlarda 90 dəqiqə barışmaz mübarizə görmək istəyirəm. Bizi uzun və çətin marafon gözləyir. 10 gün ərzində ardıcıl 4 oyunumuz olacaq. Birincisini Azərbaycanda “Sumqayıt”a qarşı keçirəcəyik. Rəqibimiz fiziki cəhətdən güclü komandadır. Amma biz onlarla mübarizə aparacağıq. Evə sərfəli nəticə ilə qayıtmaq istəyirik”.
Qeyd edək ki, sabah Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunu saat 20:00-da başlayacaq.