Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Streda” ilə qarşılaşacaq “Zirə” yay fasiləsində rəqibinə artıq bir dəfə uduzub.
Futbolinfo.az saytının məlumatına görə, Slovakiya klubu transfer məsələsində Premyer Liqa komandasından irəli düşüb. Belə ki, “Podbrezova” klubunun yarımmüdafiəçisi Mahmudu Bajo hər iki klubun maraq dairəsində olub. Bakılılar hətta Qambiya yığmasının üzvü ilə ilkin razılığa da gəlmişdi. Lakin 19 yaşlı dayaq yarımmüdafiəçisi son anda fikrini dəyişərək, “Dunayska Streda” ilə müqavilə imzalayıb. Bajo yeni komandasında ilk rəsmi oyununu da məhz “Zirə”yə qarşı keçirə bilər.
Qeyd edək ki, “Zirə” ilə “Dunayska Streda” arasında ilk oyun bu gün Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.