Qarşıdan gələn Olimpiya Oyunlarını Azərbaycan idman həvəskarları üçün əlamətdar hadisə saymaq olar. Belə ki, Olimpiadalara maraq həmvətənlərimizdə daim yüksək səviyyədə olub. Hətta idmana maraq göstərməyən insanlar belə, Olimpiya Oyunlarında azərbaycanlı idmançıların çıxışını izləməkdə maraqlı olublar.

Bu baxımdan qarşıdan gələn Olimpiada da əvvəlkilərdən seçilmir. Əvvəlki Olimpiya Oyunları ilə fərq isə heyətimizin potensialı, lisenziya sayı və medal qazanmağa olan ehtimallardır.

Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən bəri Olimpiadalarda iştirak edir. ABŞ-nin Atlanta şəhərində keçirilən oyunlarda 9 idman növü üzrə 23 idmançı ilə təmsil edilmişdik. Bu da debüt üçün çox uğurlu bir rəqəm idi. Ümumi olaraq oyunları 1 medalla başa vuran Azərbaycan, medalların əyarına görə 61-ci, sayına görə isə 64-cü pillədə qərarlaşmışdı.

Sidney Olimpiadasında ölkəmiz 8 idman növü üzrə 31 idmançı ilə təmsil olundu. Bu, Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin başlanğıcı idi.

Afina Olimpiadasına 10 idman növü üzrə 37 idmançı yollanmışdı.

Növbəti oyunlarda Azərbaycan 10 idman növü üzrə 44 idmançı ilə təmsil olundu. Bu, keçən Olimpiada ilə müqayisədə 7 nəfər çox demək idi. Lisenziya sayında artım növbəti Olimpiya Oyunlarında davam etdi.

Azərbaycan 2012-ci ildə Londonda keçirilən oyunlarda təmsil olunduğu idman növlərinin sayını da artıraraq 15-ə yüksəltdi. Lisenziya qazanan idmançılarımızın sayı isə 53 oldu. Azərbaycan Olimpiya Oyunlarında ilk dəfə akademik avarçəkmə, idman gimnastikası, kanoe sprint və şose velosipedi turnirlərində təmsil olundu.

2016-cı ildə tendensiya davam etdi. Həm idman növləri üzrə, həm də olimpiyaçıların sayına görə artım davam etdi. Braziliyada iştirak edəcəyimiz növlərin sayı 17-yə çatdı. İdmançılarımızın ümumi sayı isə 56 oldu. Ölkəmiz ilk dəfə oxatma, kanoe slalom, trek velosipedi və triatlon turnirlərində təmsil olundu. Bütün bunlar Azərbaycanda idmanın əhatəsinin böyüməsindən xəbər verirdi.

Təəssüf ki, artım tendensiyası Tokioda qırıldı. Son Olimpiadada həm təmsil olunduğumuz növlərin, həm də idmançılarımızın sayı azaldı. Bu dəfə Azərbaycan 14 idman növü üzrə 44 idmançı ilə oyunlara qatıldı.

Parisdə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarında komandamız 15 idman növü üzrə 48 iştirakçı ilə təmsil olunacaq. Onlardan 20-si milliləşdirilmiş atletlərdir. 48 nəfər, iştirakçı sayının yenidən artması deməkdir. Məhz buna görə ölkəmizdə idmanın geriyə addımlamasının dayandığını söyləmək olar. Belə ki, Olimpiadalar bir ölkənin idmanı üçün əsas meyarlardan biri sayılır.

Lakin eyforiyaya qapılmamaq və çaşqınlıq içinə düşməmək üçün burada bir məqamı qeyd etmək lazımdır. Məlumdur ki, BOK Rusiya və Belarus idmançılarına qarşı ciddi tələblər qoyub. Məhz buna görədir ki, daim ən geniş heyətə malik Rusiya Olimpiadada yalnız 16 nəfərlə təmsil olunacaq. Onların da əksəriyyətinin tennisdə yarışacağını qeyd etməliyik. Bütün bunlar kifayət qədər lisenziyanın boş qalması deməkdir.

13621f17 a073 4a3f be10 2699eb37535a - Futbolinfo.az

Nəzərə almaq lazımdır ki, Tokioda Rusiyanın 336 idmançısı iştirak edirdi. Onlardan 71 nəfəri isə medal qazanmışdı. Bütün bu amillər digər ölkələrin lisenziya sayının və mükafat qazanma ehtimalının artımı deməkdir. Məhz bu səbəbdən də, lisenziya sayının artımına görə tam şəkildə sevinmək olmaz. Rusiya və Belarusun bu cür qadağalarla üzləşməsi bizim medal şanslarımızı ciddi şəkildə artırır. Xüsusilə də güləşdə gözəl fürsət yaranıb. Məlumdur ki, bu idman növündə ölkəmizə əsas rəqiblərdən biri daim Rusiyanı təmsil edən idmançılar olub. Bu dəfə idmançılarımız əsas rəqiblərindən biri olmadan mübarizə aparacaq. Bu da medal şansının kifayət qədər artması deməkdir.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp