“Kəpəz” klubunun yarımmüdafiəçisi Tural Rzayevin futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”lə yeni müqavilə imzalayan futbolçulardan biri də siz oldunuz. Başqa variantlarınız var idi? Nə üçün “Kəpəz”də qalmağı üstün tutdunuz?
– Artıq 10 ilə yaxındır ki, doğma şəhərimin komandasındayam. Başqa yerə getmək haqda düşünmürdüm. Açığı, ötən mövsümdə az oynadığım üçün hansısa təklif gələcəyini də gözləmirdim. Əvvəlki illərdə təkliflərim olanda da “Kəpəz”də qalmağı üstün tutmuşam. Çünki mən gəncəliyəm və bu klub doğma klubumdur.
– Yeni mövsümə hazırlıq prosesi necə keçir? Bu gün “Kəpəz” çempionata neçə faiz hazırdır?
– Hazırlıq plan üzrə davam edir. Məşqçilərin verdiyi tapşırıqları komanda şəklində var gücümüzlə yerinə yetiririk. Bizi çətin bir sezonun gözlədiyinin fərqindəyik. Bunun üçün hər kəs maksimumunu verməyə çalışır. Düşünürəm ki, 70-80 faiz hazırıq. Çempionatın ilk turlarından sonra bu, 100 faizə çatacaq.
– Ötən mövsüm bitəndən sonra bir neçə aparıcı futbolçu “Kəpəz”i tərk etdi. Əvəzində heyətə yeni oyunçular cəlb edilməkdədir. Heyətdəki dəyişikliklər komandanın xeyrinə olacaq, ya ziyanına?
– Demək olar ki, komandanın yarısı dəyişib. Bunun bizim xeyrimizə, ya ziyanımıza olacağını indidən demək çətindir, bunu zaman göstərəcək. Ümid edirəm ki, yeni transferlər komandaya çox fayda verəcək. İnşallah, bu dəyişikliklər xeyrimizə olar.
– Yeni mövsümdə “Kəpəz”in hədəfi nə olacaq? Komandanın gücü neçənci yerlər uğrunda mübarizə aparmağa çatar?
– Bilirsiniz ki, çempionatda sponsorsuz yeganə klub bizik. Belə olan halda, təbii ki, əsas hədəf liqada qalmaqdır. Amma ümid edirəm ki, ən qısa zamanda sponsor tapılar və biz də daha yuxarı pillələr üçün mübarizə apararıq. Çünki “Kəpəz” hər zaman zirvədə olub. Bu klubun tarixi və kökü var. Gəncə şəhəri və “Kəpəz” klubu gec-tez yenə o zirvələrə qayıdacaq.
– Gəncə stadionunda görülən işlərlə əlaqədar, yeni mövsümdə ev oyunlarınızı Tovuzda keçirəcəksiniz…
– Təbii ki, süni örtüklü meydanda oynamaq çətindir. Bu, həm zədələrə, həm də əlavə yorğunluğa yol açır. Amma indiki məqamda edə biləcəyimiz bir şey yoxdur. Hər vəziyyətə hazır olmalıyıq.
– Ötən mövsüm avrokuboklara vəsiqə və çempionatda qalmaq uğrunda gərgin rəqabətin şahidi olduq. Sizcə, yeni mövsümdə də eyni rəqabətə şahidlik edə biləcəyik?
– Düşünürəm ki, bu mövsüm bizi daha maraqlı çempionat gözləyir. Həm avrokuboklar, həm də liqada qalmaq uğrunda gərgin və maraqlı rəqabətə şahidlik edəcəyik.
FƏRİD