Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunları start götürüb.

Turnirin rəsmi açılış mərasimi iyulun 26-da olacaq. Lakin 2 idman növündə yarışlar başlayıb.

Futbol yarışlarında 8 matç keçirilib. Argentina millisi Mərakeşə, Özbəkistan İspaniyaya, Ukrayna İraqa, ABŞ Fransaya, Qvineya Yeni Zellandiyaya uduzub. Yaponiya millisi Paraqvayı darmadağın edib, iki oyunda bərabərlik qeydə alınıb.

Paris-2024, futbol yarışları

A qrupu. Qvineya – Yeni Zellandiya 1:2, Fransa – ABŞ 3:0.

B qrupu. Argentina – Mərakeş 1:2, İraq – Ukrayna 2:1.

C qrupu. Özbəkistan – İspaniya 1:2, Misir – Dominikan Respublikası 0:0.

D qrupu. Yaponiya – Paraqvay 5:0, Mali – İsrail 1:1.

Argentina Futbol Federasiyası (AFA) Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FİFA İntizam Komitəsinə şikayət edib. AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.

Komandalar arasında görüşün ikinci hissənin əsas vaxtının 16-cı dəqiqəsində 2:2 hesabı ilə yarımçıq kəsilib. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatıb və argentinalıların ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Həmçinin reqbi üzrə 7 oyun da olub. Azərbaycan Paris-2024-də sözügedən idman növləri üzrə təmsil olunmur. Ölkəmiz turnirdə 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu idman növləri akademik avarçəkmə, atıcılıq, 3×3 basketbol, batut gimnastikası, bədii gimnastika, boks, cüdo, güləş, kamandan oxatma, qılıncoynatma, taekvondo, triatlon, üzgüçülük və yüngül atletikadır.

Shares: