Avropa Liqası və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan cədvəldə bir pillə irəliləyib. Buna səbəb “Zirə” və “Sabah”ın Konfrans Liqası matçında rəqibinə qalib gəlməsi olub.

Nəticədə ölkəmizin cari mövsümdəki xal ehtiyatı daha 0,500 xal artaraq, 1,000-ə çatıb. Son 5 mövsümdə toplanan xalları 17,750-yə çatdıran Azərbaycan Slovakiyanı geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda 23-cü sıradakı Rusiyadan cəmi 0,549 xal geri qalırıq.

Dünənki oyunlardan sonra Azərbaycanla yanaşı, Norveç, Danimarka, Macarıstan, Bolqarıstan, İsveç, Kosovo, İslandiya, Latviya, Ermənistan və Monteneqro da irəliləyiblər. Əvəzində Avstriya, İsveçrə, Rusiya, Slovakiya, Kipr, Rumıniya, İrlandiya, Farer adaları, Bosniya və Herseqovina, eləcə də Uels geriləyiblər.

UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) üçüncü pillədə qərarlaşıb.

Shares: