“Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayevin futbolinfo.az saytına müsahibəsi
– UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə “Fehervar”a məğlub oldunuz (1:2). Halbuki qırmızı vərəqəyə qədər hesabda öndə idiniz. Matçla və qırmızı vərəqə epizodu ilə bağlı fikirləriniz necədir?
– Bəli, oyuna yaxşı başlamışdıq. Öz meydançamızda qələbə qazanmaq istəyirdik. Bu sevinci, bu hissi həm özümüzə, həm də azarkeşlərimizə yaşatmaq arzusundaydıq. Alınmadı. Hesabda önə keçməyimizə baxmayaraq, belə rəqiblə 10 nəfərlə mübarizə aparmaq asan deyildi. Amma düşünürəm ki, hamı əlindən gələni etdi, heç kim mübarizədən çəkinmədi. Komandanın bütün üzvləri sona kimi döyüşdülər. Hakim təcrübəsiz idi. Fikrimcə, qırmızı vərəqə məhz hakim təcrübəsizliyinə görə oldu.
– Yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk avrokubok matçına çıxmaq necə hiss idi?
– Gözəl hissdir. Bu hissi qələbə ilə daha da gözəlləşdirmək istəyirdik, olmadı.
– Meydanda 10 nəfərlə qaldıqdan sonra da təhlükəli hücumlarınız oldu. Baş məşqçi startdakı oyun fəlsəfənizi dəyişməməyi tələb etmişdi?
– Samir muəllimi hamı tanıyır. Hər kəs bilir ki, o, daim öz oyunumuzdan çıxmamağı tələb edir. Çətin olsa da, tələbini yerinə yetirməyə çalışırdıq.
– “Fehervar”la oyuna ikinci hissədə qoşuldunuz. Samir Abasov sizi meydana buraxanda hansı tapşırıqları verdi?
– Sadəcə, öz mövqeyimdə yox, stopper mövqeyində oynamalı olduğumu dedi.
– Yəqin ki, matçdan sonra ən çox məyus olan şəxs qırmızı vərəqə alan Murad Xaçayev idi. Sizə və ya digər komanda yoldaşlarına o epizodla bağlı nəsə dedimi?
– Murad da istəməzdi ki, belə hal baş versin. Bu, futboldur, bəzən bu cür hallar qaçılmaz olur. Murad xarakterli uşaq olduğu üçün çox məyus idi, ona ürək-dirək verdik. Canı sağ olsun, hər işdə bir xeyir var, o xeyri biz bilməyə bilərik. Murada məyus olmamağı tövsiyə etdik.
– İyulun 31-də səfərdə “Fehervar”la cavab matçına çıxacaqsınız. Bakıdakı görüş göstərdi ki, bu komandanı Macarıstanda üstələmək olar. Növbəti mərhələyə adlamaq şansınızı necə dəyərləndirirsiniz?
– Hazırkı vəziyyətə görə rəqibin mərhələni keçmək şansı daha çoxdur. Realist olsaq, bizdə şans azdır. Ancaq bir faiz də şansımız olsa, ondan ikiəlli yapışıb əlimizdən gələni edəcəyik ki, mərhələni adlayaq.
FƏRİD