“Sabah”ın yeni transferi, slovakiyalı hücumçu Pavol Şafrankonun futbolinfo.az saytına müsahibəsi

– “Makkabi” ilə səfər oyununda rəqib favorit sayılsa da, səfərdə 3:0 hesablı qələbə qazandınız. Yəqin ki, bu hesab sizin üçün də gözlənilməz oldu. “Sabah” möhtəşəm qalibiyyəti nəyin hesabına əldə etdi?

– İlk hissədə hər iki komanda ehtiyatlı oyuna üstünlük verdi. Buna baxmayaraq, birinci yarıda real qol fürsətini əldən verdik. Fasilədən sonra isə daha yaxşı oynadıq. Bizim hücumlarımız daha təhlükəli idi. Komanda olaraq yaxşı oyun sərgilədik. Müdafiə və yarımmüdafiə xəttinin gördüyü işi xüsusilə qeyd etmək istərdim. Lakin hələ oyunun ilk hissəsi başa çatıb. Əsas iş hələ bitməyib.

– “Sabah”dakı ilk rəsmi oyununuzda qol vura bildiniz. Bununla bağlı nə deyə bilərsiniz? Matça çıxanda qol vuracağınıza inanırdınız?

– İlk matçda qol vurmaq heyrətamiz hissdir. Təbii ki, hər hücumçu qol vurmaq istəyir, oyuna məhz bunun üçün çıxır. Lakin nəzərə almaq lazımdır ki, buna mane olmağa çalışan 5 müdafiəçi də var (gülür). Şadam ki, cərimə zərbəsindən göndərilən topu dəqiq zərbə ilə qola çevirə bildim. Buna görə çox sevincliyəm.

– “Sabah” “Makkabi” ilə oyunun xüsusilə ikinci hissəsində əla təsir bağışladı. Maraqlıdır, baş məşqçi Krunoslav Renduliç fasilədə sizə nə dedi, hansı tapşırıqları verdi? Ümumiyyətlə, Renduliçi bir məşqçi kimi necə xarakterizə edərdiniz?

– O, bizə əlavə motivasiya verdi. Qalan şeylər isə elə paltardəyişmə otağında qalmalıdır. Renduliçin məşqçi keyfiyyətlərinə gəlincə, onun qalib psixologiyası, xarakteri var.

– Yeni komandanıza qısa zamandır qoşulmusunuz. Kollektiv sizi necə qarşıladı? “Sabah”da hər şey ürəyinizcədir? Komandaya tam adaptasiya ola bilmisiniz, yoxsa bunun üçün bir qədər də vaxt lazımdır?

– Çətin sualdır. Cəmi 2 həftədir komandadayam. Bir futbolçunun yeni klubuna tam uyğunlaşması üçün uzun zamana ehtiyac var. Mənimlə bağlı necə olacaq, görəcəyik. Bu kollektiv möhtəşəmdir. Həm məşqçilər heyəti, həm futbolçular, həm də texniki heyət ancaq xoş sözlərə layiqdir.

– Avqustun 1-də sizi “Makkabi” ilə Bakıda cavab matçı gözləyir. Səfərdəki qələbədən sonra növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin etdiyinizi demək olar, yoxsa Bakıda rəqibin sürprizi ilə üzləşməmək üçün daha yaxşı oynamalısınız?

– Biz bu vacib oyuna özümüzü tam hazırlamalıyıq. Çətin matç olacaq. Yaxşı nəticə üçün meydanda 100 faiz qüvvə sərf etməliyik. Məqsədimizə ancaq bunu etməklə çata bilərik.

ABBAS

Shares: