Federasiya prezidenti klubun daxili işlərinə qarışırsa, özünü onun sahibi kimi aparırsa, deməli, ortada şəffaf olmayan nəsə var. Ya klubun rəhbəri formal fiqurdur, ya da federasiya prezidenti özünü hamıdan yüksəkdə görür, rəsmiyyətə önəm vermədən özünə hamının əvəzinə danışmaq hüququ tanıyır.
Ölkənin tanınan saytlarından biri yenicə Naxçıvan Futbol Federasiyasına rəhbər seçilən Zaur Axundovdan müsahibə götürüb. O da tutduğu vəzifəni unudaraq “Araz-Naxçıvan”ın prezidenti kimi danışıb.
Əslində, muxtar respublika təmsilçisinin elə Axundovun “şəxsi obyekti” olduğunu, “Şamaxı”dan (əvvəlki adları – “Keşlə”,”İnter”) göndərildikdən sonra burada qərar tutduğunu bilirik. Təsadüfi deyil, İcraiyyə Komitəsinin keçmiş üzvü kluba sahibliyini davam etdirmək üçün qardaşı Ramin Axundovu kluba prezident təyin e(t)di(ri)b. Amma indi onun heç bir hüquqi bağı olmadığı klub haqqında dedikləri birbaşa qardaşına hörmətsizlikdir. Zaur bəy demək istəyir ki, Ramin Axundov o posta formal fiqur kimi əyləşdirilib, qərarları mən verirəm.
“Araz-Naxçıvan”ın rəsmi saytında “Rəhbərlik” bölməsinə baxıb bir daha Zaur bəyin klub bağlılığını dəqiqləşdirdik. Orada qeyd edilib:
Ramin Axundov – prezident
Nurlan Həsənov – İdarə Heyətinin üzvü
Ceyhun Məmmədov – İdarə Heyətinin üzvü
İmran Kələşov – İdarə Heyətinin üzvü
Vüqar Abbasov – Müşahidə Şurasının sədri
Orxan Hüseynov – Müşahidə Şürası sədrinin müavini
Taleh İbrahimov – Müsahidə Şurasının üzvü
Elxan Babayev – Müşahidə Şurasının üzvü
Rövnəq Xəlilov – Müşahidə Şurasının üzvü
Mahir Şıxəliyev – Müşahidə Şurasının üzvü
Dəqiqləşdirdik və Zaur bəyin “Araz-Naxçıvan”la heç bir bağının olmadığını grdük. O zaman bu şəxsin aşağıdakı ifadələri işlətməyə ixtiyarı varmı?
– Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb. Dünən komanda ilə görüşdük, baş məşqçi Elmar Baxşıyevlə söhbətimiz oldu. Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da. Düzdür, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var. Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, “Araz-Naxçıvan”dan da uğur gözləyirəm. Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb. 99 faiz arzulanan komanda yığılıb. Axsayan bircə yer var, o da müdafiənin mərkəzidir. O mövqe üçün də axtarışlarımız davam edir. İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb. Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.
– Mən “Keşlə”də də olanda hədəf Avropa idi, fərqi yoxdur bu nəticə kubokdan qazanılır, ya çempionatdan. Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. “Keşlə”də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq. “Araz-Naxçıvan”ın avrokuboklara düşməyinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq.
– Qışa qədər yox, 2 aya nəticə olmasa, Baxşıyevi yola salacağıq. Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir.
– Mən orda olduğum müddətdə komanda 3 dəfə adını dəyişdi. 2017-ci ildə mən komandanın Müşahidə Şurasının sədri olanda ad “İnter” idi. Sonra “Keşlə”. Bu, başadüşülən idi. Çünki klub Keşlədə yerləşirdi. Amma “Şamaxı”… Məşhur “7 oğul istərəm” filmində deyildiyi kimi, “Mən hara, proletarlar hara?” Naxçıvanda isə öz suyumdayam.
Zaur bəyin bu açıqlamaları klubun prezidenti olan qardaşını gözdən salmaq nümunəsidir. Hətta klubun əsas idarəçisi, rəhbəri olsa da, bunu Ramin bəyi əzəcək səviyyədə etməməliydi. Onun federasiya prezidenti kimi də klubun işlərinə qarışmağa, məşqçini qovacağını deməyə ixtiyarı yoxdur. Klublar, adlar, vəzifələr dəyişib, idarəetmə metodu, işə yanaşma tərzi, təfəkkür həminkidir…
FƏRİD
P.S.: Baxşıyev özünə qiymət verən məşqçi olsa, klubda rəsmi vəzifəsi olmayan biri ilə görüşməz, onunla görüşməz və bu müsahibədən sonra istefa verərdi.
P.P.S.: Etməyin, cənab Axundov, 15 il əvvəlki Zaurla indiki arasında fərq olsun…