“Qəbələ” baş məşqçi Kaxaber Sxadadzenin heyətdə görmək istəmədiyi futbolçuları yola salmaqda qərarlıdır. Samuel Tetteh, Kristof Atanqana və Zurab Oçiqava bölgə klubunda qalmayacaq.

Futbolinfo.az xəbər verir ki, sözügedən oyunçular hazırda I Liqaya enmiş komandanın məşqlərində iştirak etmir. Lakin “üçlük”lə bağlı problem var. Onlar davam edən müqavilələrini qarşılıqlı razılıqla pozmaq istəmir.

Komanda Premyer Liqanı tərk etdiyindən, klub rəhbərliyi yüksək ödənişli oyunçulardan qurtulmaq fikrindədir. Eyni maaşı təklif edən, ümumiyyətlə, bu futbolçulara dəvət göndərən başqa klub olmadığından, hər üç legioner müftə qazancı əldən vermək niyyətində deyil. Onlar 2025-ci ilin yayında bitəcək anlaşmaya uyğun olaraq komandada qalmağa cəhd edir.

Tərəflər kompromisə gələ bilmir. “Qəbələ”nin bu futbolçuları kompensasiya ödəmədən qovmağa ixtiyarı yoxdur. Eyni zamanda onlar üçün məşq imkanı yaratmalıdırlar. Klub qaydaları pozmadan futbolçulara təzyiq etmək yolunu tutub. Belə ki, onları əsas komandaya yaxın buraxmırlar. Komanda təbii örtüklü meydanda məşq etdiyi halda, “üçlük” süni meydanda, akademiya məşqçilərindən birinin rəhbərliyi altında çalışır.

Vəziyyətin nəvaxtadək belə davam edəcəyi bilinmir. Amma Tetteh, Atanqana və Oçiqavanın əsas komandaya qaytarılmayacağı dəqiqdir. Ya futbolçular fərdi məşqlərdən bezib klubun şərtləri ilə razılaşacaq, ya da “Qəbələ” müəyyən məbləğ ödəyərək onları yola salacaq.

Shares: