“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın futbolçusu Nikola Serafimov Macarıstan çempionatının 1-ci turunda “Keçkemeti” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, şimali makedoniyalı mərkəz müdafiəçisi görüşün 0:0 hesabı ilə başa çatmasını yorğunluqla əlaqələndirməyib.

24 yaşlı oyunçu artıq “Sumqayıt”la cavab qarşılaşmasını düşündüklərini söyləyib: “Sumqayıt”la səfər oyunu üçün minlərlə kilometr yol qət etsək də, yorğun olduğumuzu söyləməzdim. Çünki həkimlərimiz və məşqçi korpusumuz peşəkardır. “Keçkemeti” ilə matça da lazımi şəkildə bərpa oluna bilmişdik. Narahat olmağa çox vaxtımız yoxdur. Bu gündən diqqətimizi “Sumqayıt”a qarşı keçirəcəyimiz cavab görüşünə yönəltmişik”.

Qeyd edək ki, “Fehervar”la “Sumqayıt” arasında cavab oyunu iyulun 31-də keçiriləcək. Sumqayıtdakı ilk matçda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Shares: