“Kəpəz” klubunun baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi
– Yeni mövsümə hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirdiniz və bu görüşlərdə “Turan Tovuz”a 0:4, “Şamaxı”ya 1:2 hesabı ilə uduzduğunuz halda, “Əl-Yarmuk”a 2:1, “Pelikan”a isə 4:0 hesabı ilə qalib gəldiniz. Ümumi olaraq, hazırlıq prosesini necə dəyərləndirirsiniz? “Kəpəz” yeni mövsümə tam hazırdır?
– Yoxlama oyunlarındakı son nəticələr göstərdi ki, artım, inkişaf tempi ilə gedirik. Komandamızın durumu gündən-günə daha da yaxşılaşır, komanda oyununu qismən də olsa, bərpa edə bilmişik. Bu, yoxlama matçlarında açıq-aşkar göründü.
– Ötən sezon başa çatan kimi, xeyli sayda aparıcı futbolçu “Kəpəz”dən ayrıldı, əvəzində yeni transferlər etdiniz. Yeni gələnlər gedənlərin yoxluğunu unutdura biləcəklər?
– Ötən mövsüm bitən kimi, futbolçuların 70-80 faizi komandadan getdi. Düzdür, bu, oyunumuza təsir edir və hələ bir müddət də edəcək. Bunu aradan qaldırmaq, komandanın oyununu formalaşdırmaq üçün müəyyən vaxt lazımdır. Ən azından, çempionatın birinci dövrəsinin sonunadək biz bunu səbrlə gözləməliyik. Çünki bu, 1 günün, 1 ayın işi deyil. Dediyim kimi, bunun üçün vaxt tələb olunur. İnanıram ki, komanda bu müddət ərzində tam olaraq toparlanmağı bacaracaq. İnşallah, bu işin öhdəsindən gələ biləcəyik.
– Yay “transfer pəncərəsi”nin sonunadək növbəti transferlər ola bilərmi? Bugünkü gündə hansı mövqe ilə bağlı narahatlığınız var və o mövqeyə yeni oyunçunun alınmasını istərdiniz?
– Bugünkü gündə istər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum xətti olsun, meydanın hər bir hissəsində həm yerli, həm də legioner futbolçulara ehtiyacımız var. Çalışacağıq ki, qısa müddət ərzində, “transfer pəncərəsi” bağlanana qədər bunu bitirək. Təbii ki, bunu reallaşdırmaq üçün bəzi məsələlər var ki, onları həll etməliyik. Çalışırıq ki, hamısını yoluna qoyaq.
– Bu həftə Azərbaycan Premyer Liqasında 2024/25 mövsümü start götürəcək və yeni sezonda ilk oyunu səfərdə “Sumqayıt”a qarşı keçirəcəksiniz. Bu görüşdən gözləntiniz nədir?
– Özünüz də bilirsiniz ki, yeni komanda formalaşdırırıq. Konfrans Liqasında hər birimiz “Sumqayıt”ı gördük. Həqiqətən də, yaxşı oyun üslubu olan komandadır. “Sumqayıt”ın avrokubok matçında uduzmasının səbəbi 10 nəfərlə qalması oldu. Əgər oyunu tam heyətlə davam etdirsəydi, “Sumqayıt” bu görüşdə uğurlu nəticə qazana bilərdi. “Kəpəz” yeni formalaşan, “Sumqayıt” isə gücləndirilmiş komandadır. Buna baxmayaraq, futbolçularıma güvənirəm. İnanıram ki, bu görüşdə uğurlu nəticə qazana biləcəyik.
– Ev oyunlarınızı məcburiyyətdən yenə Tovuzda keçirəcəksiniz. Bu amil komandaya necə təsir edəcək?
– Biz zatən oyunların Tovuzda keçirilməsinə öyrəşmişdik. Sadəcə, yeni gələn futbolçular var. Onlarla da bu barədə danışmışıq, vəziyyətdən xəbərdardırlar. Yeni transferlərimiz də buna öyrəşməlidirlər. Bu da müəyyən vaxt alacaq. Amma ümid edirəm ki, bu şəraitə ən qısa vaxtda adaptasiya ola biləcəklər.
– Yeni mövsümün komandalar üçün daha çətin keçəcəyi gözlənir. Kurban Berdıyev, Roman Qriqorçuk kimi məşqçilərin gəlişi, digər klubların da heyətlərini gücləndirməsi çempionatda rəqabəti bir qədər də artıracaq. Bunların fonunda “Kəpəz”in hədəfi nə olacaq? Komandanız hansı yerlər uğrunda mübarizə apara biləcək gücdədir?
– Çempionatımızdakı komandaların əksəriyyəti güclənib. Əsas heyətlərini saxlayıb və güclənmə yönündə də işlərini görüblər. Bu da yeni mövsümün daha gərgin və ağır keçəcəyindən xəbər verir. Təbii ki, bunların fonunda biz də geri qalmamağa çalışacağıq. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Bu müddətdə komandamızı daha yaxşı formalaşdırmaq istəyirik. Özünüz də gördünüz ki, yeni müqavilələri “1+1” şərti ilə bağlamışıq. Bu o deməkdir ki, ilk növbədə komandanı Premyer Liqada saxlamaq, gələn il isə artıq güclənmiş və formalaşmış bir komanda ilə çıxış etmək niyyətindəyik.
FƏRİD