“Turan Tovuz” klubunun kapitanı Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
– Türkiyə toplanışı necə keçdi? Komanda çempionata neçə faiz hazırdır?
– Düşünürəm ki, həm Qəbələ, həm də Türkiyə toplanışımız yaxşı keçdi. Çatışmayan cəhətlərimizin üzərində işlədik. Məşqlərimiz plan üzrə keçdi. Komanda olaraq tam özümüzə gəlməsək də, çempionata hazır olmağa çalışırıq. Deməzdim ki, bugünkü gündə çempionata tam hazırıq. Çünki heyətdə dəyişikliklər olub. İnşallah, ən tez zamanda tam hazır olacağıq.
– Ötən mövsüm bitəndən sonra “Turan Tovuz”dan ayrılan futbolçular oldu, əvəzində yeni transferlər edildi. Heyətdəki dəyişikliklər komandaya necə təsir edəcək?
– Bəli, komandadan gedən və yeni gələn futbolçular oldu. Həqiqətən də, heyətdə dəyişikliklər olanda görürsən ki, oyuna təsir edir. Yeni transferlər kollektivə uyğunlaşmağa çalışırlar. Hamımız onlara dəstək oluruq. İstəyirik ki, adaptasiya prosesləri tez getsin.
– Yeni baş məşqçi Kurban Berdıyevlə də bağlı fikirləriniz maraqlıdır. Məşqləri, futbolçularla ünsiyyəti necədir? Bir məşqçi kimi qısa zamanda daha çox hansı xüsusiyyətini bəyənmisiniz?
– Futbolçular arasında fərq qoymur. Hər bir oyunçuya eyni gözlə baxır. Başa düşmədiyimiz nəsə olanda özü ilə təkbətək danışmağımıza şərait yaradır və bizə ayrı-ayrılıqda izah verir. Hər bir futbolçu ilə fərdi danışır, fikirlərini çatdırır. Hələlik bu xüsusiyyətlərini qeyd edərdim. Ümumiyyətlə, kollektiv olaraq bir-birimizə dəstək oluruq, aramızda ünsiyyət çox yaxşıdır.
– Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk turunda sizi “Neftçi” ilə oyun gözləyir. Bu matçda hansı nəticəyə ümidlisiniz? Yeni sezonda “Turan Tovuz”un hədəfi nə olacaq?
– Əl-ələ verib çempionatın ilk turuna hazırlaşırıq. Mövsümə yaxşı nəticə ilə start vermək istəyirik. Demək olar ki, bütün komandalar gücləniblər, hər kəs heyətinə yeni futbolçular cəlb edib. Qarşıda bizi çox ağır mövsüm gözləyir. “Neftçi” ilə matç da daxil olmaqla, hər oyunda xal və ya xallar qazanmağa çalışacağıq. Mübariz komanda olacağıq. İnşallah, yaxşı nəticələrə imza atarıq və qismət olarsa, Konfrans Liqasına gedərik.
– Kurban Berdıyev kimi mütəxəssisin gətirilməsi komandanın iddiasının artması deməkdir. Avrokuboklardan kənarda qalsanız, bu, uğursuzluq sayılacaq?
– Futbolçular olaraq biz öz işimizi görürük. Çalışırıq ki, çempionatın startına kimi tam hazır olaq və oyunlarda maksimumuzu verək. Yeni baş məşqçi gəlib. Komanda avrokuboklara getməsə, bunun uğursuzluq sayılacağını düşünmürəm. Hər bir komanda yaxşı yerlər uğrunda mübarizə aparacaq. Futbol mübarizə oyunudur. Biz də komanda şəklində yaxşı hazırlaşmışıq. İnşallah, mövsümün sonunda avrokuboklara vəsiqə qazananların sırasında olarıq.
ABBAS