“Çernomorets”in vingeri Andrey Ştoqrinin karyerasını “Neftçi”də davam etdirəcəyi, demək olar ki, dəqiqləşib.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi ilə bağlı hərtərəfli razılıq əldə olunub.
Bakı klubu oyunçunun həm özü, həm də klubu ilə ortaq məxrəcə gəlib. Razılığa əsasən, “Neftçi” bu transfer müqabilində “Çernomorets”ə 250 min avro təzminat ödəyəcək. Ön xətt oyunçusu “ağ-qaralar”la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, “Çernomorets”in yetirməsi olan Andrey Ştoqrin 2019-cu ildən əsas komandada çıxış edir. Ötən mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 30 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verən cinah oyunçusunun odessalılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. O, Odessa klubunda hazırda “Neftçi”nin baş məşqçisi olan Roman Qriqorçukun sevimli futbolçularından olub.