Norveç Futbol Assosiasiyası VAR-dan imtina edə bilər.
Məlumata görə, məsələ 2025-ci ilin martında keçiriləcək konqresdə müzakirə olunacaq. Səs çoxluğu olarsa, VAR ləğv ediləcək.
Həmin vaxta qədər Norveç futbolunda VAR-ın üstünlüklərini və mənfi cəhətlərini öyrənmək üçün işçi qrup yaradılacaq. Qrup klub nümayəndələri, azarkeşlər, oyunçular, məşqçilər və hakimlərdən ibarət olacaq və ona kənar mütəxəssis rəhbərlik edəcək.
Norveçdə azarkeşlər videotəkrar sistemindən istifadənin əleyhinədirlər. Aksiyalardan biri ölkə çempionatının 15-ci turu çərçivəsində Lerkendal stadionunda keçirilən “Rusenborq” – “Lilleström” matçında baş tutub. Azarkeşlərin qazon üzərinə balıq tortları atmağa başlaması oyunun dayandırılmasına səbəb olub.
Əvvəllər İngiltərə çempionatında VAR-ın ləğvi ideyası da var idi. Bununla belə, ümumi yığıncaqda klubların əksəriyyəti video köməkçi hakim sistemindən istifadənin davam etdirilməsini dəstəkləyib. 20 klubdan yalnız “Vulverhempton” sistemin əleyhinə səs verib.