“Qarabağ”ın sabiq futbolçusu, klubun U-14 komandasının köməkçi-məşqçisi Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”ın U-14 komandasına köməkçi-məşqçi təyinatınız necə baş tutdu? Məşqçilik fəaliyyətinə məhz bu yaş qrupunda başlamaq fikri kimdən gəldi?
– Əslində, mən özüm də bu təyinatın tərəfdarı idim. Çünki B kateqoriyalı məşqçi kurslarına qatılmaq istəyirdim. Başa düşürdüm ki, baş məşqçi kimi təyin olunsam, oxumağa vaxt olmayacaq. Bu səbəbdən istədim ki, oxuyum və B kateqoriyalı məşqçi lisenziyasını məhz U-14 komandası ilə alım. Akademiyamızın baş koordinatoru Aftandil Hacıyevlə danışdıq. Məqsəd ən düzgün seçimi etmək idi ki, yavaş-yavaş məşqçilik prosesinə daxil olum. Seçim hər birimizi qane etdi. Oxumağım üçün ən rahat variant bu idi. Həm də U-14 komandasını, oradakı uşaqları çox yaxşı tanıyıram.
– Yaxşı tanımağınızın səbəbi övladlarınızın da hazırda bu yaş qrupu üzrə komandada oynaması deyilmi?
– Bəli, hər iki oğlum hazırda “Qarabağ”ın U-14 komandasında oynayır. Bu səbəbdən o komandadakı uşaqları artıq 5-6 ildir tanıyıram. Çox potensiallı uşaqlardır. Həm də indi onların keçid dövrüdür, 9/9-dan 11/11-ə keçirlər. Aftandil müəllim məni yönəltdi ki, uşaqları tanıyırsan, onlarla işlə, təcrübən var, yanlarında ol. Bildirdi ki, həm də övladlarını məşqə özünlə aparıb gətirəcəksən, bu komanda ilə B kateqoriyalı məşqçilik lisenziyasını ala bilərsən. Mən də razılaşdım. Bir il U-14-də işləyəcəyəm, ondan sonrasına baxarıq. A kateqoriyasını götürmək üçün artıq böyük yaş qrupu üzrə komanda lazımdır. Onu da vaxtı çatanda Aftandil müəllimlə məsləhətləşəcəyik.
– Məşqçilikdə qarşınıza hansı hədəflər qoymusunuz? Yəqin ki, bir neçə ildən sonra böyük futbolda çalışmağı planlaşdırırsınız…
– Sırf böyük futbolu düşünərək məşqçi olmağa qərar verdim. Premyer Liqada, böyük futbolda işləmək üçün isə oxumaq, təhsil almaq lazımdır. Yavaş-yavaş kateqoriyaları alacağam.
– Vaxtilə “Qarabağ”ın akademiyasından çıxan biri olaraq, yeni istedadlar yetişdirib üzə çıxara biləcəksiniz?
– “Qarabağ”ın akademiyasında çox istedadlı uşaqlar var. Digər yaş qrupları üzrə komandaların da oyunlarını izləyirəm, uşaqlarla tanış oluram. Çalışıram ki, akademiyada olduğum müddətdə bütün yaş qruplarının futbolçularına kömək edim. Onlar da məni tanıyırlar, hörmət edirlər, dediklərimə maraqla qulaq asırlar. Bu, çox önəmli faktordur. İstəyirəm ki, uşaqlar meydanda səhv etsələr belə, özlərinə inansınlar.
– Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Linkoln” üzərində 2:0 hesablı qələbə qazanan “Qarabağ”dan bugünkü cavab matçında hansı nəticəni gözləyirsiniz? Bakıda daha böyükhesablı qələbə qeydə alına bilər?
– “Qarabağ” “Linkoln” ilə ilk matçda rahat oynadı. Bu gün isə doğma meydanda oynayacaqlar. Böyükhesablı qələbə də ola bilər. “Qarabağ” azarkeşlərinin önündə daha yaxşı təsir bağışlayır. İlk görüşdə 2:0 hesabı ilə qalib gəldiyimiz üçün cavab matçına stresli çıxmayacağıq. Sadəcə, “Qarabağ” öz oyununu göstərməlidir. Bunu edəcəyi halda, heç bir problem olmayacaq. Çünki fiziki, taktiki cəhətdən rəqibdən üstünük. “Qarabağ”ın bu mərhələni keçəcəyinə inanıram.
– Səfərdəki oyunu seyr edərkən futbolçu karyeranızı bitirdiyiniz, artıq “Qarabağ” formasını geyinmədiyiniz üçün kövrəldinizmi?
– Xeyr, kövrəlmədim. Çünki futbolçu karyeramın son 6 ayında az oynayırdım. Həmin vaxt başa düşdüm ki, artıq karyeramın sonu çatır. Mən elə bir futbolçu idim ki, ehtiyatda qalanda oynamaq istəmirdim. Özüm belə qərar verdim ki, karyeramı artıq bitirəcəyəm. Yenə klubdayam, hazırda akademiyada çalışıram. “Qarabağ” həmişə ürəyimdədir, qapıları mənim üçün açıqdır. Sadəcə, bir az fərqli istiqamətdə, artıq məşqçi kimi yoluma davam edirəm. Gec-tez bu olacaqdı, bu il olmasa da, uzağı gələn il futbolçu karyeramı bitirəcəkdim. Bu gün “Qarabağ”ın aşağı yaş qruplarında perspektivli uşaqlar var. İnanıram ki, onlar da “Qarabağ”ı irəli aparacaqlar. Bizdən də yaxşı nəticə verə bilərlər.
– “Qarabağ” bu il Çempionlar Liqasının qrupuna düşərək tarixi uğurunu təkrarlaya biləcək?
– Çox istəyirəm ki, “Qarabağ” yenidən Çempionlar Liqasının qrupunda oynasın. Çünki hər il yeni tarix yazan komandadır. Çempionlar Liqasının himninin yenidən Azərbaycanda səslənməsi, ölkəmizə böyük klubların gəlməsi azarkeşlər üçün bayramdır. Əminəm ki, “Qarabağ”ın heyətində yer alan futbolçular bunun reallaşması üçün hər şey edəcəklər. Bunun üçün potensial var, məşqçi və futbolçu heyəti əladır. “Qarabağ”ın yenidən Çempionlar Liqasının qrupunda oynamasını səbirsizliklə gözləyirik.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu