İllərlə qazandığı qələbələrlə reytinqini yüksəldən “Qarabağ”, indi faydasını görür. Ağdam klubu məhz bunun sayəsində əla püşkə sevindi, asan rəqibi yenərək həyəcanlanmadan minimum hədəfə çatdı.

“Qarabağ” yenə avrokubokların qrup mərhələsində oynayacaq. Çempionumuz Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini adlamaqla minimum Konfrans Liqasının qrupunda oynamaq hüququ qazandı. Bu, qitə yarışlarında qışadək qalacağımız deməkdir.

Qurban Qurbanovun yetirmələrinin daha da irəli getmək şansı var. Növbəti rəqib məğlub edilsə, daha üst turnir sayılan Avropa Liqasının qrupuna vəsiqə təmin ediləcək. Təbii ki, bizim arzumuz ağdamlıların pley-offda da hamını sevindirərək ÇL-də nəhənglər önünə çıxmasıdır.

İndiki “Qarabağ” ən yüksək hədəfə doğru irəliləmək gücündədir. Potensial rəqiblər olan “Ludoqorets” və Minsk  “Dinamo”su əzəmətli deyil. Hər şey uğurlu getsə, pley-offun püşkündə bir az bəxtə ümid edəcək, oyunlar zamanı isə komandadan əzmkarlıq gözləyəcəyik.

“Linkoln”la oyunlar daha çox məşq xarakterli, futbolçuların oyun təcrübəsi qazanması üçün imkan idi. “Qarabağ” bundan məhrətlə istifadə etdi. Cəbəllütariqdəki oyunda təmsilçimiz nisbətən ehtiyatlı davranırdısa, dünən avrokubokdakı hesab rekordunu təkrarladı. Olavio Juninyonun het-triki qorunmuş heyətin daha yaxşı işlər görəcəyinin xəbərçisidir.

2 oyuna vurulan 7 qol “Qarabağ”ın hücum gücünün göstəricisidir. “Linkoln” hər nə qədər zəif olsa da, qapanan rəqibi bu qədər məyus etmək yaxşı əlamətdir. Təmsilçimiz növbəti oyunlarda boş zonaları daha çox tapacaq və o zaman qolların davamı gələcək. Yeganə problem ağdamlıların müdafiədəki durumunun naməlumluğudur. Dişli rəqiblərlə görüşlərdə çemponumuzun müdafiə planında necə olduğunu görəcəyik.

İstənilən halda, “Qarabağ” artıq daha rahatdır. Qruplara vəsiqə təmin edildiyindən, komanda daha az təzyiq altında oynayacaq. Ən böyük üstünlük heyətin qorunmasıdır. Ötən yay olduğu kimi yeni komanda qurulmur.

Minimum hədəfə çatılıb. Misli Premyer Liqasının başlaması heç bir çətinlik yarartmamalıdır. “Qarabağ”ın iki əla heyəti var, üstəlik, yeni transferlər gözlənilir. Artıq rəhbərlik də ehtiyatlı davranmayacaq. Komanda qrupda oynayacağı üçün Qurban Qurbanovun istəklərini yerinə yetirmək lazımdır. Qarşıdakı günlərdə biri qapıçı olmaqla 2-3 transfer, paralel olaraq qələbələr gözləməyə dəyər.

FƏRİD

Shares: