“Araz-Naxçıvan” klubunun yeni transferlərindən olan müdafiəçi Ürfan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”ın yeni mövsümə hazırlıq prosesi necə keçdi? Komanda çempionata tam hazırdır?

– Hazırlıq prosesi yaxşı keçdi. 15 günlük Ərzurum toplanışı plan üzrə getdi. Məncə, futbolçular üzərlərinə düşən işin öhdəsindən gəldilər. Düzdür, Türkiyədə yoxlama oyunu az oldu. Amma bunu Bakıda əvəzedici heyətimizlə oyun keçirməklə kompensasiya etdik. Komanda tam formanı yığmasa da, inanıram ki, tezliklə daha yaxşı vəziyyətdə olacağıq.

– “Araz-Naxçıvan”ın yay fasiləsində heyətinə qatdığı yeni futbolçulardan biri də siz oldunuz. Komandaya tam adaptasiya ola bilmisiniz?

– Düzdür, komandaya yeni gələnlərdən biriyəm. Ancaq əksər futbolçularla və məşqçi heyəti ilə əvvəl də çalışmışam. Bu komandada oynamaq mənə rahatdır. Amma təbii ki, bütün futbolçuların bir-birlərinə uyğunlaşması, kollektiv olaraq tam formalaşmağımız üçün bir az vaxt lazımdır. Nə qədər çox oyun keçirsək, bir-birimizə bir o qədər tez öyrəşəcəyik.

– Yeni mövsümə “Qarabağ”la oyunla başlayacaqsınız. Yəqin ki, startda son çempionla qarşılaşmaq istəməzdiniz. Elə deyilmi?

– “Qarabağ”ın səviyyəsinə bələdik, güclü olduqlarını bilirik. Amma biz də komanda olaraq daha tez formalaşmaq üçün ən azından sonadək mübarizə aparacağıq. Çalışacağıq ki, var gücümüzü ortaya qoyaq. Meydana yaxşı nəticə üçün çıxacağıq.

– “Araz Naxçıvan”ın qarşısına avrokuboklara çıxmaq tapşırığı qoyulub. Komanda bu missiyanın öhdəsindən gələ biləcək?

– Hər klubun bir missiyası olur, nailiyyət əldə etmək istəyir. “Araz-Naxçıvan” da digər klublar kimi nəticəyə oynamaq niyyətindədir. Çalışacağıq ki, biz də bacardığımızı edək. “Araz-Naxçıvan”a kömək etmək üçün gəlmişik. Hər bir futbolçu əlindən gələnin ən yaxşısını edəcək ki, yaxşı yerlər uğrunda mübarizə aparaq. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək.

– “Araz Naxçıvan” hələ də ev oyunlarını Naxçıvanda keçirə bilmir. Bu məqam komandanın çıxışına necə təsir edəcək?

– Bəli, stadion baxımından bir az çətinliklər var. Sözün düzü, məşq etmək üçün də stadion tapmaq çətindir. Türkiyə toplanışından qayıdandan Sumqayıtda hazırlaşırıq. Yəqin ki, ev oyunlarını hələ “Dalğa Arena”da keçirəcəyik. Çalışacağıq ki, bu amillər bizə problem yaratmasın. Əsas öz oyunlarımıza köklənəcəyik. Allahın köməyi ilə yaxşı nəticələr qazanmaq istəyirik.

FƏRİD

Shares: