Çempionlar Liqası və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin bir neçə cavab oyunundan sonra UEFA reytinqində dəyişikliklər olub.
Futbolinfo.az saytının məlumatına görə, dünənki qarşılaşmaların ardından Kipr, Farer adaları, Estoniya və Monteneqro irəliləyişə nail olublar. Əvəzində Bolqarıstan, Finlandiya, Latviya, Şimali İrlandiya və Şimali Makedoniya geriləyiblər.
Azərbaycan isə 24-cü pillədəki yerini qoruyub. “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində evdə “Linkoln” üzərində 5:0 hesablı qələbəsi ölkəmizin aktivinə daha 0,250 əmsal yazdırıb.
Cari mövsümdəki ümumi qazanc 1,250-yə çatıb. Son 5 mövsümün nəticələrinə görə 18,000 əmsala malik Azərbaycan avrokuboklarda heç bir klubu çıxış etməyən Rusiyaya bir qədər də yaxınlaşıb. Ölkəmiz ruslardan cəmi 0,299 əmsal geri qalır.
UEFA reytinqinə 89,160 əmsalla İngiltərə başçılıq edir.