“Qarabağ”ın “Linkoln”dan çox üstün komanda olduğunu hələ Cəbəllütariqdəki oyun təsdiqləmişdi. Səfərdə 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqəni böyük ölçüdə təmin etmişdi.

Bununla belə, UEFA reytinqində xal ehtiyatımızı artırmaq üçün Bakıdakı cavab matçında da qalibiyyət lazım idi. Qurban Qurbanovun komandası bu missiyanın da öhdəsindən artıqlaması ilə gəldi.

Qurbanov ilk matçla müqayisədə start heyətdə dəyişiklik etməmişdi. Cəbəllütariqdəki görüşün son dəqiqələrində zədələnən Leandro Andrade də “11-lik”də yer almışdı.

Gözlənildiyi kimi, matçın əvvəlindən üstünlüyü ələ keçirən meydan sahibləri startda rəqibə o qədər də yüksək temp təklif etməsələr belə, lazım olanda oyunun sürətini artırırdılar. Belə məqamların ilkindəcə hesab açıldı. 17-ci dəqiqədə Julio Romao və Yassin Benzianın iştirakı ilə qurulan sürətli hücumun davamında Marko Yankoviçin əla ara ötürməsindən sonra “Qarabağ”ın “qol maşını” Juninyo rəqib qapıçı ilə üzbəüz qaldı və dəqiq zərbə ilə toru silkələdi.

Dünən Juninyonun gecəsi idi. Braziliyalı forvard “Linkoln”un qapıçı və müdafiəçilərinə əsl kabus yaşatdı. 31-ci dəqiqədə yenidən səhnəyə çıxan “sambaçı” bu dəfə Toral Bayramovun dəqiq ötürməsini yaxın məsafədən qola çevirdi. Juninyo fasiləyək het-trikini rəsmiləşdirməyə də imkan tapdı. O, hissənin əsas vaxtının sonuna 1 dəqiqə qalmış Zubirin əla ötürməsindən sonra topu ayağının içi ilə uzaq küncə göndərdi – 3:0. Juninyo bu performansı ilə “Qarabağ”ın sərfəli təkliflərə rəğmən, onu satmamaqla çox düzgün addım atdığını isbatladı.

Matçın qəhrəmanı Juninyo olsa da, dünən “Qarabağ”ın heyətində daha bir neçə futbolçu yüksək səviyyədə oyun keçirdi. Onlardan biri də Benzia idi. Əlcəzairli yarımmüdafiəçi oyunu oxumaq bacarığı və futbol zəkasını meydanın hər hissəsində göstərməyi bacardı. Görüş ərzində daban pasları, ara ötürmələri ilə azarkeşlərin alqışını qazandı. Benzianın gözəl oyununu taclandırması üçün təkcə qol çatışmırdı, onu da edə bildi. 66-cı dəqiqədə Zubir və Juninyo ilə paslaşdıqdan sonra Yassin cərimə meydançasına daxil olar-olmaz sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı.

Qarşılaşmada son nöqtəni isə oyunu yüksək səviyyədə keçirən digər futbolçu – Leandro Andrade qoydu. 72-ci dəqiqədə Leandro cərimə meydançası həndəvərindən topu ustalıqla “doqquzluğ”a göndərdi.

Qurban Qurbanov matçın sonlarında digər futbolçulara da yeni mövsümdə oyun praktikası qazanmaq imkanı verdi. Əvvəlcə müdafiədə dəyişikliklər edərək Bədavi Hüseynovla Mateus Silvanı meydana buraxan təcrübəli mütəxəssis ardınca hücum xəttinə yeni oyunçular – Redon Cica, Nəriman Axundzadə və Hamidu Keytanı buraxdı.

Dünən diqqətçəkən məqamlardan biri də “Sabah”ın sabiq futbolçusu, “Qarabağ”ın transfer gündəmində yer alan Aleksey Kaşukun oyunu stadiondan izləməsi oldu. Azarkeşlər ukraynalı yarımmüdafiəçinin bu addımını onun Ağdam klubuna gəlişi ilə əlaqələndirsə də, matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bunu təkzib etdi. O, Kaşukun Bakıya “Qarabağ”ın dəvəti ilə gəlmədiyini deyərək, onun başqa klubumuza keçmək ehtimalına eyham vurdu. Təbii ki, Kaşukun “Qarabağ”a gəlişi əla olardı. Aleksey “köhlən atlılar”ın ön xəttində rəqabəti və rəngarəngliyi daha da artırardı. Ancaq Qurbanov belə deyirsə, deməli, Kaşuku “Qarabağ”da yox, başqa klubumuzda görə bilərik.

İstənilən halda, “Qarabağ”a yeni transferlər lazımdır. Ötənilki heyətin qorunub saxlanılması təqdirəlayiq haldır. Məhz bunun hesabına ölkə çempionu əvvəlki illərlə müqayisədə bu dəfə avrokuboklardakı ilk oyunlarına daha yaxşı formada çıxmışdı. Ancaq qarşısına Çempionlar Liqasının qrup mərhələsinə çıxmağı hədəf qoyan klub bu heyətlə kifayətlənməməlidir. Komandada aparıcı futbolçular var ki, Allah eləməsin, onlar zədələnsə və ya cəzalı duruma düşsə, layiqli əvəzləyiciləri yoxdur. Biri elə Juninyodur. Düzdür, Ağdam klubunda Redon Cica, Hamidu Keyta və Musa Qurbanlı kimi hücumun sivri ucunda oynaya bilən futbolçular var. Lakin onların heç biri Juninyo səviyyəsində deyil. Nəzərə alsaq ki, mərhələ adladıqca “Qarabağ”ın rəqibləri çətinləşəcək, deməli, qarşıda Juninyo səviyyəsində, ən azından ona yaxın səviyyədə daha bir hücumçu lazım olacaq.

Eyni sözləri qapı xəttinə də aid etmək mümkündür. Bunu Qurban Qurbanov da təsdiqləyib ki, daha bir xarici qapıçı almaq niyyətindədirlər. Fabian Buntiç və Şahruddin Məhəmmədəliyevlə yanaşı, daha bir qolkiperin varlığı qapı xəttindəki rəqabəti xeyli artıracaq. Rəqabət olan yerdə isə inkişaf olur.

AĞA

Shares: