“Qarabağ”ın sabiq futbolçusu Azər Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”a hər iki oyunda (2:0, 5:0) rahatlıqla qalib gəldi. Belə olacağı sizin üçün də gözlənilən idi?

– Bəli, mən də inanırdım ki, “Qarabağ” bu mərhələni asanlıqla keçəcək. Çünki “Qarabağ” hazırda elə bir klubdur ki, tək Azərbaycanda deyil, illərdir beynəlxalq arenada da öz stabilliyini qoruyur. Buna görə də “Linkoln”a Bakıda böyük hesabla qalib gəlməsi, bu səddi rahatlıqla adlaması mənə də təəccüblü gəlmədi.

– Ağdam klubunun heyətində dünənki qarşılaşmada ən çox kimin və ya kimlərin oyununu bəyəndiniz?

– “Qarabağ”da hazırda elə səviyyəli yerli və legioner futbolçular yığılıb ki, konkret kimisə fərqləndirmək mümkün deyil. Heyətin hər bir üzvü stabil futbol sərgiləyir. Düzdür, 5 qoldan üçünü Juninyo vurdu. Bununla belə, “Qarabağ” böyükhesablı qələbəni komanda şəklində əldə etdi.

– Növbəti rəqib, böyük ehtimalla, “Ludoqorets” olacaq. Sizcə, “Qarabağ” o səddi də asanlıqla aşa biləcək?

– Mən də növbəti rəqibin “Ludoqorets” olacağını düşünürəm, ilk oyunda Minsk “Dinamo”suna 2:0 hesabı ilə qalib gəliblər. Əvvəlki illərə nəzər salsaydıq, “Ludoqorets”in çətin rəqib olduğunu deyərdik. Ancaq “Qarabağ” özü haqda artıq Avropada da müsbət fikir formalaşdırıb. Fikrimcə, hazırda “Ludoqorets”in futbolçu və məşqçi heyəti, həmçinin azarkeşləri fikirləşirlər ki, görəsən, biz “Qarabağ”ı keçə bilərikmi? Düzdür, bu, futboldur, hər bir nəticə qeydə alına bilər. Ancaq mən “Qarabağ”ın “Ludoqorets”dən güclü komanda olduğu qənaətindəyəm. Odur ki, təmsilçimizin növbəti mərhələni də keçmək ehtimalı çoxdur.

– “Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə adlamaqla ən azından Konfrans Liqasının qrup mərhələsini təmin etmiş oldu. Bu isə o deməkdir ki, Ağdam klubu ardıcıl 11-ci dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək. Bu uğurla bağlı nə deyə bilərsiniz?

– Avrokuboklarda 11-ci dəfə qrup mərhələsinin təmin edilməsi onun göstəricisidir ki, “Qarabağ”da düzgün inkişaf strategiyası qurulub. Bu uğurlar başda Qurban Qurbanov və məşqçi heyətinin zəhmətinin bəhrəsidir. Təbii ki, klub rəhbərliyi də böyük işlər görübdür. “Qarabağ” gündən-günə böyüyür, inkişaf edir. Fikrimcə, “Qarabağ” artıq böyük klubların inkişaf strategiyasına inteqrasiya edib. Düzdür, büdcə baxımından onlardan geri qala bilər. Ancaq iş prinsipləri eynidir. “Qarabağ” böyük klubların iş prinsiplərini Azərbaycanda icra edir. Qazanılan uğurlar da bunun bəhrəsidir.

– Sizcə, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının qrupuna düşə biləcəkmi?

– “Qarabağ” artıq elə səviyyəyə çatıb ki, nəinki mən, bütün Azərbaycan onların rahat şəkildə Çempionlar Liqasının qrupuna düşəcəyini gözləyir. Fikrimcə, bu il Çempionlar Liqasının qrupunda oynayacaqlar. İnşallah, dediyim söz həqiqətə çevrilər.

FƏRİD

Shares: