Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyevin futbolinfo.az saytına müsahibəsi
– “Ümraniyespor”dan ayrıldıqdan sonra karyeranızı Türkiyənin digər I liqa klubu “Bandırmaspor”da davam etdirməyə qərar verdiniz. Bu keçid necə alındı? Başqa təklifləriniz də var idi?
– Komanda məsələsi ilə Türkiyədəki menecerim məşğul olurdu. “Ümraniyespor”dan ayrıldıqdan sonra bir neçə təklifim var idi, menecer bunun üzərində işləyirdi. “Bandırmaspor”un təklifi hər bir cəhətdən mənə daha uyğun oldu. Həm də “Ümraniyespor”da çalışdığım ilk məşqçim Mustafa Gürsel də hazırda buradadır. O, təkidlə klub prezidentindən mənimlə müqavilə bağlanılmasını istədi, özümlə də şəxsən danışdı. “Bandırmaspor”a keçidimdə əsas rolu Mustafa Gürsel oynadı. Ona görə bu klubu seçdim.
– Yeni komandanızda sizi necə qarşıladılar? “Bandırmaspor”da hər şey ürəyinizcədir?
– Artıq 2 gündür “Bandırmaspor”un düşərgəsindəyəm. İyulun 30-da ilk məşqimə çıxdım. Kollektiv məni yaxşı qarşıladı. İstirahətdən sonra komanda ilk dəfə idi ki, bir araya gəlirdi. Məşqçi məni tanıdığı üçün hansı potensiala və oyun stilinə malik olduğumu bilir. Bu baxımdan “Bandırmaspor”da həm məşqçilər, həm də oyunçularla ünsiyyət qurmaq, bir-birimizi başa düşmək mənim üçün çox rahat olacaq.
– “Bandırmaspor”un qarşısına yeni mövsümdə hansı hədəflər qoyulub?
– Gördüyümə əsasən deyə bilərəm ki, komanda yüksək səviyyəli futbolçulardan təşkil olunub. “Qarabağ”dan gələn Adama Diakabi də bizimlədir. Artıq ilk məşqlərdən yaxşı komanda, güclü heyət gördüm. “Bandırmaspor”un qarşısına konkret hansı tapşırığın qoyulacağını isə müəyyən zaman keçdikdən sonra biləcəyəm.
– Yaxın gələcəkdə sizi Superliqa klublarından birində görə bilərik? Qarşınıza belə məqsəd qoymusunuz?
– İstəyim budur. Türkiyədə qalmaqda da məqsəd odur ki, karyeramı burada davam etdirim və gələcəkdə Superliqada oynamaq şansım olsun. Buna görə də başqa ölkələrdən təkliflər alsam belə, Türkiyədən ayrılmadım. Superliqaya çıxmağa yaxın olan komandada oynamaq istədim. Hər bir azərbaycanlı futbolçu kimi, mənim də arzumdur ki, gələcəkdə Superliqada oynayım.
– Yeni klubuna keçid millidəki karyeranıza necə təsir edəcək?
– Xaricdə oynamağın bir stimul olduğunu düşünürəm. Millidə oynamağa hər zaman hazıram. Yığma komanda futbolçular üçün pik nöqtədir. Düşünürəm ki, “Bandırmaspor”da daha uğurlu çıxış etsəm, milliyə də dəvət alaram. İstəyim yığmadakı oyunlarımı davam etdirməkdir. “Bandırmaspor” bu yolda mənə kömək olacaq. Təbii ki, milliyə çağırılmaq üçün mütləq burada özümü göstərməli, yaxşı oynamalıyam.
FƏRİD