Ötən həftə “Kəpəz”də yeni təyinat reallaşdı. Əvvəllər klubda icraçı direktor olmuş Cabir İbrahimov yenidən bu posta əyləşdi.
Son vaxtlar Gəncə klubunda bu vəzifə yox idi. Komanda aşağı liqaya düşərkən icraçı direktor postu da ləğv olunmuşdu. Premyer Liqaya qayıtdıqdan sonra klub rəhbərliyinin yadına yalnız indi vəzifəni bərpa etmək düşüb.
İbrahimov futbolinfo.az-a açıqlamasında hədəflərdən, qarşıda duran məqsədlərdən danışıb: “Bu mövsüm yenilənmiş heyətlə çempionata başlayacağıq. Heyət çox dəyişib. Yenidən komanda qurulub. Komandanı özəyini qoruya bilməməyimiz sırf büdcəmizlə bağlı oldu. Oyunçularımız yaxşı təkliflər aldılar və biz o məbləgi verə bilmədiyimizə görə getdilər. İnanırıq ki, Adil Şükürov yenə döyüşkən komanda quracaq. Klubumuz bu mövsümə 3 yeni tərəfdaşla başlayır. Klubun tarixində hələ belə layihələr olmayıb. Bu tərəfdaşlar bizim işimizə dəstək olacaq. Hər biri öz sahəsi üzrə kluba dəstək verəcək. “Kəpəz”in hazırda əsas maliyyə sponsoruna ehtiyac var. Bu yöndə də axtarışlar davam edir. İnanırıq ki, tezliklə klubumuz həsrətində olduğu sponsoruna qovuşacaq. Sponsorumuz olmadığına görə təəssüf ki, hədəfimiz dəyişməz qalıb. “Kəpəz”in məqsədi yenə elitada yerini qorumaq olacaq. Son iki mövsümdə biz buna nail olmuşuq. Düzdü, bu, heç də asan olmayıb. Klub rəhbərliyi komandanın Premyer Liqada qalması üçün əlindən gələni edib. Biz yenə də komandamıza inanırıq”.
Qeyd edək ki, İbrahimov 2016-2017-ci illərdə “Kəpəz”də eyni vəzifədə çalışıb.
GÜNAY SÜLEYMANOVA